"Zirə"nin yarımmüdafiəçisi: "Neftçi" kimi komanda mənimlə maraqlanıbsa, bu mənim üçün sevindiricidir" MÜSAHİBƏ

10:40 - 12 Oktyabr 2015

“Xəzər Lənkəran”la oyunda sübut etdik ki heç də asan rəqib deyilik"

 

"Zirə"nin yarımmüdafiəçisi Tərzin Cahangirovun Sportal.az-a müsahibəsi:

 

 

- Son turda "Neftçi" üzərində qələbə qazandınız. Bu qələbəni çoxları gözləmirdi. Oyun haqda nə deyə bilərsən?

- Ağır oyun olacağını bilirdik. Oyunu yaxşı analiz etmişdik və rəqibin güclü və zəif cəhətlərini bilirdik və şans yaranan kimi bundan istifadə edib 2 qol vura bildik. Bəlkədə “Neftçi” ilə oyuna qədər çoxları inanmırdı onları uda biləcəyimizə, amma biz “Xəzər Lənkəran”la oyunda sübut etdik ki, heç də asan rəqib deyilik.

 

- Bu oyundan sonra mətbuatda yayılan xəbərlərdən biri də “Neftçi”nin səni bəyənməyi və qışda bu kluba keçə biləcəyindi. Nə dərəcədə doğrudur bu məlumatlar?

- Məndə bu xəbəri mətbuatdan oxudum. Düzünü desəm mənim heç nədən xəbərim yoxdur. Amma yenə də “Neftçi” kimi komanda mənimlə maraqlanıbsa, bu mənim üçün sevindiricidir, çünki hər bir futbolçu “flaqman”da forma geyinmək istəyər. Onu da demək istəyirəm ki, hazırda “Zirə”də çox xoşbəxtəm.

 

- AZAL ilə yoxlama matçında məğlub oldunuz. Bu oyun haqda və hazırlıqlar haqda nə deyə bilərsən?

- AZAL çox yaxşı komandadır. Bunu son turlarda hər kəs görüb. Məğlub olduq, bu futboldu hər şey ola bilər. Hazırlıqlar çox yaxşı gedir. Növbəti tur “Qarabağ”la çətin matçımız var. Bunu komandada hər kəs dərk edir və bu oyuna çox ciddi hazırlaşırıq. 7 oyundur ki, məğlub olmuruq. İnanırıq ki, bu matçda da uğurlu seriyanı davam etdirə biləcəyik.

 

- "Qarabağ" və “Qəbələ” ilə oyunda “Zirə”nin əs gücü görsənəcək. Bu fikirlə razısan?

- Razı deyiləm. “Qarabağ” və “Qəbələ”sözünü demiş bir komandadı. Biz isə yeni yaranmış komandayıq. Amma yenədə demək olmaz ki, biz bu oyunlara uduzmaq üçün çıxacağıq. Son turlarda komandamız yaxşı vəziyyətdədir. Necə ki, hər bir oyuna qələbə üçün çıxırıq, bu oyunlara da 3 xal qazanmaq üçün çıxacağıq.

 

- İlk turlarda ehtiyyatdan daxil olurdun oyunlara. Son oyunlarda isə start heyətində yer alırsan. Bu uğuru sona qədər davam etdirə biləcəksənmi?

- Nə deyə bilərəm, məşqçimiz çox sağolsun ki mənə şans verir.Əsas heyətdə və yaxud da ehtiyatdan da oyuna girsəm çalışıram ki, özümü yaxşı tərəfdən göstərə bilim. Komandamızda yaxşı futbolçular çoxdur. Ona görə də start heyətində yer almaq çətindir.

Xəbər xətti