"Biz bunu millinin oyununda görmədik"
"Son vaxtlar Avropanın aparıcı yığmalarında dəyişikliklər olub. 10 il əvvəlki komandalar deyil. İtaliyada gəncləşdirmə, nəsil dəyişmə siyasəti həyata keçirilib. Ulduz futbolçuların sayı azdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandanın sabiq futbolçusu, hazırda "Neftçala" klubunun baş məşqçisi olan Kamal Quliyev deyib.
O, millinin İtaliya oyunda əzmkarlıq göstərmədiyini bildirib: "İtaliya ustalıq səviyyəsinə görə bizdən üstün idi. Belə komandalarla oyunda yalnız əzmkar oyun, xarakter və mübarizə aparmaqla xal almaq olar. Lakin biz bunu millimizin oyununda görmədik. Bərabərlikdən sonra futbolçularımız dayandı. Hücumları davam etdirib rəqib qapısı qarşısında qol vəziyyətləri yaratmaq olardı. Dünən Gürcüstan Almaniya oyununu izlədim. Gürcülər səfərdə oynamalarına baxmayaraq Almaniya qarşısında əzmkar futbol göstərdilər, rəqiblə başabaş oynadılar. Güclü komandalarla oyunlarda bu cür mübarizə aparmaq lazımdır".
Kamal Quliyev yığma komandamızın Bolqarıstanla səfərdə keçirəcəyi oyun haqda da fikirlərini açıqlayıb: "Millimiz ağır oyundan çıxıb. Bolqarıstanla çətin oyun keçəcək. Yəqinki, baş məşqçi İtaliya ilə oyundan sonra heyətdə müəyyən dəyişikliklər edəcək. Seçmə mərhələni uğurla başa vurmaq üçün Bolqarıstanda düzgün taktiki gedişlər edib xal almaq lazımdır".
Gənc məşqçi Rəşad Sadıqovun milli karyerası barəsə də danışıb: "Mətbuatda Rəşad Sadıqovun qrup mərhələsi başa çatdıqdan sonra millidə karyerasının bitirəcəyi xəbərlərini eşitmişəm. Mən vaxtilə millidə oynamış bir futbolçu, baş məşqçi kimi Rəşada tələsməməyi məsləhət görürəm. Komandanın ona ehtiyacı var. Rəşad millinin lideridir. Gənclər ondan çox şey öyrənir. Onu əvəzləyəcək futbolçu yoxdur. Öz təcrübəsi, ustalığı ilə gənclərə dəstək olub, onu əvəzləyə biləcək futbolçu yetişdirməlidir".
saytlarin hazirlanmasi