"Nə qədər ki, mən baş məşqçiyəm, Rahid yığmada olacaq"
"Bütün komanda oyuna ciddi hazırlaşıb. Yaxşı nəticəyə imza atmaq istəyirik”.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Millimiz AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sonuncu oyununu sabah Bolqarıstana qarşı keçirəcək. Sofiyada baş tutacaq matçdan öncə millimizin xorvatiyalı çalışdırıcısı mətbuat konfransı keçirib.
Prosineçki bolqarlarla oyuna yaxşı nəticəyə imza atmaq üçün çıxacaqlarını bildirib: “Rəqibdə sürətli oyunçular var. Biz onları yaxşı analiz etmişik. İtaliya ilə çətin oyundan sonra bu görüşdə yaxşı nəticəyə imza atmaq istəyirik. Bolqarıstan millisinin Xorvatiya ilə görüşünü təhlil etmişəm. Kompakt oyun sərgiləyirlər. Yaxşı futbol göstərmək və sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
- Start heyətini açıqlayacaqsızmı?
- Problem yoxdu. Heyətdə 3 yeni futbolçu olacaq. Start heyəti belədi: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov, Elnur Cəfərov.
- Bədavi Hüseynovu qırmızı vərəqə aldığına görə dəyişmişdiz. Bəs digər əvəzetmələri nəyə görə etmisiz?
- Heyəti açıqlamağım bəs edər. Bütün “kartlarımı” açmaq niyyətində deyiləm.
- Bolqar azarkeşlər sabahkı oyuna o qədər də maraq göstərmirlər. Bu amil millinin sabahkı oyunda xal qazanmasına nə dərəcədə kömək edə bilər?
- Biz futbolu azarkeşlər üçün oynayırıq. Futbolçular futbol oynayırlar ki, azarkeşlər stadiona gəlsinlər, oyundan həzz alsınlar. Əgər sabahkı oyuna az bilet satılıbsa, mən çox məyusam.
- Xorvatiyadakı həmkarınızı yola saldınız. Sabah da bolqar həmkarınızı yola salacaqsız...
- Mən bu barədə fikirləşmək istəmirəm. Futbolda belə şeylər olur. Mənim mentalitetim elədi ki, hər oyuna ciddi hazırlaşıram və hər dəfə qələbə qazanmaq istəyirəm. Rəqibin baş məşqçisinin istefa verib-verməməyi məni maraqlandırmır. Ümid edirəm ki, Bolqarıstan yığmasının məşqçisi postunda qalacaq. İstəyirəm ki, sabah qələbə qazanaq.
- “Xəzər Lənkəran”ın transfer qadağasından qurtulmaması Rahid Əmirquliyevin oyun keyfiyyətinə, yığma karyerasına təsir edə bilərmi?
- Mən bilirəm ki, “Xəzər Lənkəran” məlum səbəbdən çətinlik çəkir. Bu barədə Rahidlə çox söhbət etmişəm. Mən millinin məşqçisiyəm, fərqi yoxdu Rahid “Xəzər Lənkəran”da oynayır, ya “Sumqayıt”da. Nə qədər ki, mən baş məşqçiyəm, Rahid yığmada olacaq. O, milli üçün həmişə əlindən gələni edib, yaxşı oyun göstərib.
saytlarin hazirlanmasi