"Bəzən təcrübəsizlik də qələbə qazanmağımıza mane olur"
"Rəvan"ın müdafiəçisi Vüqar Bəybalayevin Sportal.az-a müsahibəsi:
- 7 tur geridə qalsa da, “Rəvan” hələ də Premyer Liqada qələbə qazana bilməyib. Bu uğursuzluğun səbəbi nədir?
- Düzdür ki, qələbə qazana bilməmişik. Ancaq hər oyunda komandamız baxımlı oyun sərgiləyir. Çatışmayan tək cəhət qələbə qazanmağımızdır. İnanıram ki, növbəti turlarda qələbə qazanıb bunun ardını gətirə biləcəyik. Bəzən təcrübəsizlik də qələbə qazanmağımıza mane olur. Düşünürəm ki, turdan tura bunlar aradan qalxacaq və 3 xal sevincini yaşayacağıq.
- Növbəti turda “Kəpəz”lə oyununuz var. Ümumiyyətlə, çempionatda fasiləni necə dəyərləndirdiniz?
- Fasiləni yaxşı dəyərləndirib çatışmayan cəhətlərimizin üzərində işlədik. Bütün fasilə boyu bütün diqqətimizi “Kəpəz”lə oyuna yönəldib qələbə qazanmağı düşünürük.
- Komandadan iki legioner ayrıldı. Daha bir legioner də “Kəpəz”lə oyunda sizə kömək edə bilməyəcək. Bütün bunları nəzərə alıb “Kəpəz”lə oyunun sizin üçün çətin keçəcəyini söyləmək olar?
- Əlbəttə ki, hər oyunçunun komandada özünəməxsus yeri var. Ancaq düşünürəm ki, olmayanları əvəzləyəcək yaxşı gənc və təcrübəli futbolçularımız var.
- Müdafiə xəttinin əsas futbolçularından birisən. Emin Quliyev isə bildirir ki, müdafiədə boşluqlar çox olur. Bu nə ilə bağlıdır?
- Düşünürəm ki, hazırlıq dönəmində vaxtımız az olmuşdu. Yoldaşlıq oyunlarımız isə elə də çox olmayıb. Komandada da çoxumuz yeni idik. Belə olan halda oyunun gedişində bir-birimizi başa düşmək bir qədər çətin olur. Ancaq hər tur keçdikcə vəziyyət yaxşılığa doğru gedir və daha da yaxşı olacağına inanıram.
- “Bakı”da daha çox topla oyununla yadda qalırdın. “Rəvan”da isə sanki, həmin Vüqar görünmür. Səbəb nədir?
- Bunu mənə çoxları deyir. Ancaq mən meydana çıxanda bacardığım qədəri ilə məşqçinin tələblərini yerinə yetirməyə çalışıram. Burda da müdafiədə çox sadə oynanılması tələb olunur.
- Ötən mövsüm “Bakı”dakı inamlı oyunundan sonra səninlə maraqlanan komandalardan hazırda da bəzilərinin sənə yenidən maraq göstərdiyi bildirilir. Bu nə dərəcədə doğrudur?
- Şükürlər olsun ki, maraqlanan komandalar var. Ancaq bu barədə danışmaq hələ çox tezdir. Qarşıda oyunlarımız var və bütün diqqətimi həmin matçlara yönəltmişəm.
- Deyə bilərikmi, “Rəvan”a ancaq bir qələbə lazımdır ki, növbəti oyunlarda yaxşı nəticə qazansın?
- İlk qələbəmizdən sonra bunun ardının gələcəyinə və tez bir zamanda ilk qələbəni qazanacağımıza inanıram.
- Azərbaycan kubokunun 1/8 finalında sabiq komandan “Bakı” ilə qarşılaşacaqsınız. Bu barədə düşüncələrin?
- Yenidən həmin meydanda o azarkeşlər qarşısında oynamaq mənim üçün çox xoş olacaq. Çünki, “Bakı” ilə bağlı yaddaşımda ancaq gözəl xatirələr qalıb.
saytlarin hazirlanmasi