Ceyhun Sultanov, Aslan Kərimov, Rəşad Sadıqov
Azərbaycan futbolunun durumu göz önündədir. Millimiz yenə autsayderlər sırasında, U-21 yığmamız qapısında 7 qol görür, aşağı yaş qrupları üzrə komandalarımız da elit mərhələnin qapazaltıları oldular.
Bu vəziyyət nə qədər davam edəcək? Futbolumuz heç vaxt inkişaf etməyəcəkmi?
Futbolun inkişafından danışırıqsa, gərək ki, futbolun başında dayanan adamların bu sahədən anlayışı olsun. İndi gəlin bir anlıq AFFA-ya rəhbərlik edən şəxslərin kimliyinə baxaq:
AFFA prezidenti Rövnəq Abdullayev – ARDNŞ-nin prezidenti, millət vəkili
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov – ARDNŞ-nin vitse-prezidenti
AFFA-nın vitse-prezidenti Rauf Əliyev – millət vəkili
AFFA-nın baş katibi Elxan Məmmədov – “Natavan” Biznes Mərkəzinin direktoru olub
PFL-in prezidenti Ramin Musayev – Təqaüddə olan polis zabitidir
Gördüyünüz kimi onların arasında neftçi, ticarətçi, polis, kim desən var... Di gəl ki, AFFA-nın rəhbərliyində futbolla yaxından-uzaqdan əlaqəsi olan bir adam yoxdur. Əslində, onlar futbolu elə inhisara almayıblar ki, ora kimisə yaxın buraxsınlar. Hər halda biz üzərimizə düşəni edib, Rövnəq Abdullayev üçün qeydlərimizi təqdim edirik.
İlk növbədə onu deməliyik ki, bəli, futbolçu olmaq və futbolu idarə etmək fərqli peşələrdir. Necəki hər yaxşı futbolçudan yaxşı məşqçi çıxmır, eləcə də hər futbolçuda idarəçilik qabiliyyəti olmur. Lakin bu o demək deyil ki, futbolla məşğul olanların hamısı savadsız, heç bir bacarığı olmayan, heç nəyə yaramayanlardır. Təbii ki, onların arasında seçilənlər də var.
Əminik ki, sabiq futbolçular arasında idarəçilik bacarığı olan digərləri də var. Ancaq biz Rövnəq Abdullayev üçün gənc, enerjili, üzdə olan 3 nəfəri təqdim edirik. Rövnəq bəy bu şəxslərdən birini AFFA-nın vitse-prezidenti təyin edib, ona səlahiyyət versə, gec-tez bunun bəhrəsini görəcək.
Namizədlərdən biri Ceyhun Sultanovdur. Uzun illər millimizin və aparıcı klublarımızın şərəfini qoruyan Sultanov futbolu bitirdikdən sonra da bu sahədən uzaqlaşmadı. Əvvəlcə “Bakı”da, daha sonra isə “Sumqayıt”da baş menecer vəzifəsinə yiyələndi. O, hal-hazırda “Sumqayıt”da işini davam elətdirir. Dünya görüşü, ünsiyyət qurmaq bacarığı, futbol anlayışı hesabına Sultanov qısa vaxt ərzində klub funksioneri kimi özünü təsdiqləyə bilib. Təbii ki, aylardı maaş almayan, qəpik-quruşa oynayan futbolçularla “Sumqayıt”da möcüzə yaratmaq çətindir. Ancaq AFFA-nın 20 milyondan çox büdcəsi onun əlində olsaydı... Ceyhun Sultanovun əsas özəlliklərindən biri odur ki, o, dayanmadan üzərində çalışır. Səfərlərə yollanır və futbolun inkişaf etdirilməsi istiqamətində xarici ölkələrin iş prinsipini araşdırır, dünya futbolunu yaxından izləyir.
İkinci namizədimiz Aslan Kərimovdur. Millimizin və “Qarabağ”ın sabiq kapitanı məşqçi və pedaqoq kimi fəaliyyət göstərsə də ondan yaxşı futbol idarəçisi çıxar. Niyə? Çünki Aslan Kərimov savadlı olmağı ilə yanaşı, həm də bir şəxsiyyət kimi də AFFA-nı idarə eləməyə qadirdi. Danışığını, duruşunu bilən bu adam intellektual səviyyəsi ilə seçilir. Təəssüf ki, bu gün onun yolunu kəsirlər. Səbəbləri bilinməsə də Aslan Kərimovun AFFA-nın baş katibi Elxan Məmmədovun qara siyahısına düşdüyü futbola aləmində az qala hamıya məlumdur. Həyatda belə məqamlar da olur və adətən insanların yeri səhv düşəndə... Bu da bir acı reallıqdır ki, Aslan Kərimov kimi futbol adamının karyerası “Natavan” Bisnez mərkəzinin keçmiş əməkdaşının əlindədir.
AFFA-nı idarə eləməyə qadir daha bir şəxs Rəşad Sadıqovdur. Düzdür, o, hələ karyerasını davam etdirir. Və nəzərə alsaq ki, hələ ki, onun yerini tutacaq futbolçumuz yoxdur, Sadıqovun hələ bir neçə il də oynayacağı aydındır. Ancaq karyerasını bitirən kimi ondan futbol idarəçisi kimi yararlanmaq lazımdır. Sadıqov çox ağıllı adamdı, iti zehni var. Futbol anlayışı da çox yüksəkdir. Adam həm meydanda, həm də meydandan kənarda baş verənləri dəqiq analiz eləmək bacarığına malikdir. Rəşad Sadıqovun ən əsas özəlliyi də lider xasiyyətə malik olmasıdır. Onu AFFA-ya vitse-prezident təyin etsələr, çətin ki, Elxan Məmmədov və ya bir başqası Sadıqova göstəriş verə bilsin. Çünki bu adamın çox sərt, güzəştə getməyən biri olması futbol aləmində hamıya məlumdur. Azərbaycan futbolunda böyük nüfuz sahibi olması da nəzərə alınmalıdır.
Bu, ilkin siyahıdır. Və bu mövzu ictimai müzakirəyə çıxarılsa, digər namizədlər də üzə çıxar. Ən əsası odur ki, AFFA prezidenti Rövnəq Abdullayev futbolun inkişafını istəsin və islahatlara əl atmaqdan çəkinməsin. Əks halda futbolumuzdakı acınacaqlı durum hələ çox davam edəcək.
Emin ABBASOV
saytlarin hazirlanmasi