"Kəpəz"in yeni legioneri: "Həmin an ağlamaq istəyirdim"

03:47 - 17 Oktyabr 2015

"Əsas odur ki, bu ardıcıllığı davam etdirək"
 
Dünən "Kəpəz" Premyer liqanın 8-ci turunun ilk matçında səfərdə "Rəvan"ı 2:0 hesabı ilə məğlub edib. Gəncə təmsilçisinin yeni transferi julian Ebah komandasında ikinci matçında ilk qoluna imza atıb. Ebah matç və vurduğu qol haqda fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"Bizim üçün yaxşı oyun oldu. Bu oyunda 3 xal haqda fikirləşirdik və buna nail olduq. Artıq iki oyundur ki,qələbə qazanırıq. Əsas odur ki, bu ardıcıllığı davam etdirək. Mənim üçün bu qolu vurmaq çox önəmli idi, çünki bu, mənim ikinci oyunumdu. İlk oyunumda 20 dəqiqə oynadım, qol vura bilməsəm də, yaxşı çıxış etmişdim. İkinci oyunumda vurduğum qol məni daha da ruhlandıracaq, çalışacam ki, daha da yaxşı oyun göstərim".
 
Ebah qol sevincini baş məşqçisi Şahin Diniyevlə paylaşmağına belə münasibət bildirib:
 
"Komandaya yeni gəlmişdim, burda olan ilk vaxtlarda, adaptasiya zamanı baş məşqçi mənə çox kömək etdi. Həm məşqlərdə, həm məşqlərdən kənar mənlə söhbət edirdi. Şahin Diniyev mənə komandada yeni olduğumu unutdurmuşdu".
 
Forvard oyundan sonra azarkeşlər haqda fikirlərini və onlarla "selfie" çəkdirməyinə də şərh verib:
 
"Bu, hər bir futbolçu üçün vacibdir. Azarkeşlərimiz möhtəşəm idi. Azarkeşlər mənə xüsusi dəstək verdilər, karyeramda ikinci dəfə idi ki, ilk oyunlardan özümü sevindirə bilmişəm. Həmin an ağlamaq istəyirdim. Onu əminliklə deyə bilərəm ki, "Kəpəz" artıq mənim ailəmdir. Ev oyunlarında 20 mindən çox azarkeşin gəlməsi bizim oyuna konsantrasiya olmağımız baxımından önəmlidi. Azarkeş çox olanda biz futbolçularda da məsuliyyət çoxalır".

Xəbər xətti