“Buna hazır olmalıyıq”
Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Qəbələ" səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
Oyundan sonra "Qəbələ"nin üzvü Ruslan Abışov Sportal.az-a müsahibə verib:
- "Neftçi”yə son dəqiqə qolu ilə qalib gəldiniz.Oyun haqqında fikirlərini bilmək maraqlı olardı...
-Hər oyun olduğu kimi, bu qarşılaşmanın da, çətin olacağını bilirdik. "Neftçi”nin turnir cədvəlindəki yeri yaxşı olmasa da, heyətində dəyişikliklər olub. Komandanın heyətində yaxşı oyunçular var. "Neftçi”nin adına görə, hər zamanı iddialı olub. Bu özünü oyunda da göstərdi. Oyunun sonuna qədər yaxşı mübarizə apardılar.
- Sadaladığın amillər çətin qələbəyə səbəb oldu?
- Yox. Sadəcə olaraq meydanın vəziyyəti bizim oyuna uyğun deyildi. Biz hər zaman sürətli futbola üstünlük veririk. Meydanın quru olması buna imkan vermir. Amma əsas olan 3 xalı qazanmaq idi, buna nail olduq. Artıq bu oyunu unudub, bütün diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik.
- "Neftçi” 90 dəqiqə ərzində "Qəbələ”ni təzyiqdə saxlamağı bacardı....
-Çünki rəqib ən azından bir xala ümid edirdi. Biz oyunun əvvəlində qol vursaydıq açıq futbol gedərdi və hesab fərli ola bilərdi. Matç qolsuz bərabərliklə davam etdikcə "Neftçi”nin qələbə ümidləri də, artırdı. Bizə meydanda boşluq vermirdilər. Kompakt oynamağa çalışırdılar. Biz də, hücumçularımızı uzun ötürmələrlə rəqib qapıçı ilə təkbətək çıxarmağa çalışırdıq. Belə oyunlar qarşıda çox olacaq. Buna hazır olmaq lazımdır.
- Etiraf edək ki, "Qəbələ” "Neftçi”nin qapısına dəqiq zərbə vurmaqda çətinlik çəkirdi...
-Buna milli komandaların oyununun da, təsiri olub. Çünki futbolçuların bəziləri milli komandaların heyətindən təzəcə qayıdıblar, çoxunda yorğunluq hiss olunur. Eyni zamanda qeyd etdiyim kimi, meydanın vəziyyəti sürətli oyun oynamağa imkan vermirdi.
- Qarşıdan "Borussiya” ilə oyun gəlir. Bu oyun haqqında nə deyə bilərsən?
- Dünən "Borussiya”nın Almaniya Bundesliqasındakı oyununu izlədim. Çox sürətli futbol oynayırlar. Çətin qarşılaşma olacaq. Bizim yaxşı futbolçularımız və baş məşqçimiz var. Baş məşçimiz rəqibi yaxşı analiz edib,öz göstərişlərini verəcək. Hamımızın ümidləri böyükdür ki, bu oyunda yaxşı nəticə əldə edəcəyik.
- Avropa Liqasında "Borussiya” ilə ardıcıl iki oyunun olması, "Qəbələ”nin qrupdan çıxma şanslarına nə dərəcədə təsir edə bilər?
- Düşünmürəm ki, hər hansı təsir ola. Əsas ilk oyundur. İlk oyunda rəqibi tanıyıb cavab oyununa yaxşı analiz edəcəyik. Buna görə də, ayın 22-də baş tutacaq oyun əsasdır. Biz istəyirik ki, hər şey bizim üçün yaxşı olsun.