"Qarabağ” üzərində qələbə qazansaq, şanslarımız daha da artacaq"
“Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində oktyabrın 22-də səfərdə Fransanın “Monako” klubunun qonağı olacaq. Son görüşdə “Anderlext” üzərində qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə çətin səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Qrupun 2 favoritindən biri olan “Monako” isə ilk 2 turdakı heç-heçədən sonra nəhayət ki, qələbə qazanmaq üçün meydana çıxacaq.
Sportal.az xəbər verir ki, elə fransızların ulduz futbolçusu, Portuqaliya millisinin müdafiəçisi Rikardo Karvalyo da “Qafqazinfo”ya müsahibəsində bundan danışıb. Təcrübəli müdafiəçi “Qarabağ” haqqında da fikirlərini bildirib:
- Qrup mərhələsinin ilk 2 turunda müvafiq olaraq “Anderlext” və “Tottenhem”lə heç-heçə etmisiz. Bu dəfə isə qrup ikincisi olan “Qarabağ”a qarşı oynayacaqsız…
- Bizim qrup çox çətindir. Digər futbolçular kimi mən də düşünürəm ki, adətən Çempionlar Liqasında belə qruplar olur. 4 komandanın hər biri ayrı-ayrılıqda güclüdür. “Qarabağ” bizim heç-heçə etdiyimiz “Anderlext”ə qalib gəldi. Görünən odur ki, son 4 tur həddən artıq möhtəşəm olacaq.
- Ötən il ÇL-də çıxış edən “Monako” qrupun favoritidir…
- Bununla razı deyiləm. Biz favorti deyilik. 4 komandanın hər birinin növbəti mərhələyə adlamaq şansı var. “Tottenhem” lider olsa da, heç kim deyə bilməz ki, onlar yüz faiz növbəti mərhələyə adlayacaqlar. Qrup mərhələsinin sonuna kimi hər şey ola bilər.
- Bəs, “Qarabağ” sizə nə qədər tanışdır? Nə bilirsiz Azərbaycan təmsilçisi haqqında?
- “Qarabağ” güclü komandadır. Onların hər iki oyununa baxmışıq. “Tottenhem”ə qarşı oyunları hər şeydən xəbər verir. Keçən il də Avropa Liqasında son anda 1/16 mərhələsin əldən verdiklərindən xəbərimiz var. Onların Milan “İnter”i ilə, “Sent-Etyen”lə heç-heçələri adi bir şey deyildi. Avropa Liqası finalçısı “Dnepr”I səfərdə udmuşdular. Bunlar hamısı komandanın qrupdakı iddiasından xəbər verir. “Qarabağ” hər mövqedə etibarlı oyun göstərən komandadır və onlarla oyunu səbrsizliklə gözləyirik.
- Hələ ki, qələbə qazana bilmədiyinizi nəzərə alsaq, “Qarabağ”a qarşı daha aqressiv çıxış edəcəyinizi düşünmək olar?
- Biz ilk iki oyunda heç-heçə etmişik. Biri səfərdə, digəri evdə olub. Bu oyunlarda ən diqqətçəkən məqam isə rəqib qol vurduqdan sonra bizim hesabı bərabərləşdirməyimiz olub. “Monako” qrupda daha yaxşısını etməliydi. Bunun üçün isə indi çalışırıq. Amma geridə qalan iki oyundakı heç-heçələrdən narazı deyilik. 2 xal bizim növbəti mərhələ şanslarımızı saxlayır. Biz bilirik ki, 4 iddialı komandanın olduğu qrupda növbəti mərhələ haqqında düşünmək və bunu etmək çox çətindir. Amma mümkün olan qədər irəli gedəcəyik. “Qarabağ” üzərində qələbə qazansaq, şanslarımız daha da artacaq.
- Ümumiyyətlə “Qarabağ”ın “Anderlext” üzərindəki qələbəsi size təəccübləndirdi?
- Həqiqətən, yox. Çünki mən “Qarabağ”ın ötən mövsümki çıxışlarını izləyərkən onların necə komanda olduğunu gördüm. Fikrimcə, qrupdakı digər hər 3 komandaya Bakıda “Qarabağ”a qarşı oynamaq çox çətin olacaq. Biz yüz faiz əlimizdən gələni edib rəqibimizi Monakoda məğlub etməliyik.
saytlarin hazirlanmasi