"Neftçi" yenə uduzdu REPLİKA

23:42 - 23 Oktyabr 2015

Bir işin ki, strateqi Elxan Məmmədov olsun...

 

-“Neftçi” yenə uduzdu?

-“Neftçi”nin udan günü var ki?

 

Hə, bu “Neftçi” elə o “Neftçi”ni xatırladır camaata. Nə olsun ki, “Yol əhvalatı” filmi düz 35 il əvvəl çəkilib. “Neftçi” haqqında deyilən fikirlər bu gün də aktualdı. Axı, “Neftçi” yenə uduza-uduza gedir...

 

Bəli, “Neftçi” yenə uduzdu, bu dəfə AZAL-a. İndi yenə çıxacaqlar günahkar axtarışına. Futbolçulardan tutmuş jurnalistlərə qədər qınananlar olacaq. Ancaq yeri gəldi-gəlmədi vicdandan danışan Çingiz Abdullayev əlini vicdanının üstünə qoyub deməyəcək ki, bu “Neftçi”ni bü günə qoyan elə onun özü və Elxan Məmmədovun “dahi” kadrı Elnur Məmmədovdur. Bu komandanın rəhbərlərinə baxın. Yazıçı, rəssam, ədliyyə işçisi, ticarətçi... Kimə desən rast gələrsən “Neftçi”nin başında. Bircə düz-əməlli, futbol ictimaiyyətində nüfuz sahibi olan, futbol idarəçiliyindən anlayışı olan bir adama rast gəlmək olmur onların arasında.

 

Bir işin ki, strateqi Elxan Məmmədov olsun, nə gözləyirsiz ondan? Məgər AFFA-nın baş katibi bu günə qədər bir dənə layihəni normal həyata keçirib ki, “Neftçi”ni də uğura apara bilsin? O boyda “Neftçi”ni futbolda naşı olan Elnur Məmmədova heç kim etibar etməzdi, Elxan Məmmədov isə etdi. O gün də daha bir dostu Cavid Qarayevi Olimpiya Stadionuna rəhbər göndərdi. Adam rəsmən Azərbaycan futbolunu inhisara alıb və hər yerə öz adamlarını yerləşdirir. Və ən maraqlısı da odur ki, bu adamların hamısı Elxan Məmmədov kimi marketinqçidirlər, heç birinin futbolla yaxından-uzaqdan əlaqəsi yoxdur. Yazıq futbolumuz, yazıq “Neftçi”...

 

“Neftçi” yenə Gedeli günlərinə qayıdır. Elxan Məmmədovun “Neftçi”yə sırıdığı almaniyalı Yurgen Gede o vaxt “Neftçi”ni elə hala salmışdı ki, xalq komandasını yenidən ayağa qaldırmaq üçün illər lazım oldu. Tarix yenə təkrarlanır. Kim bilir “Neftçi”ni ayağa qaldırmaq üçün bu dəfə nə qədər vaxt lazım olacaq.

 

İndi Elxan Məmmədov – Elnur Məmmədov tandemini danışdırsan, günahı özlərindən başqa hər kəsin üstünə atacaqlar. Məşqçinin, futbolçuların, hətta jurnalistlərin. Ancaq heç bir halda çıxıb etiraf etməyəcəklər ki, futbol onlarlıq deyil, bacarmırlar!

 

SPORTAL.AZ

Xəbər xətti