Şahin Diniyevin siyahısı QEYD

13:50 - 25 Oktyabr 2015

Ot biçəndən xadiməçiyə qədər

 

Premyer Liqanın 9-cu turunda “Xəzər Lənkəran”ı məğlub eləyən “Kəpəz” ardıcıl 3-cü qələbəsini qazanmış oldu. Gəncə əhli narazı olmamalıdır. Hər halda, son illərlə müqayisədə bu dəfə daha yaxşı komanda ərsəyə gəritiblər bu bölgədə. “Kəpəz” bu mövsüm hətta xal itirdiyi oyunlarda da yaxşı təsir bağışlayıb. Şahin Diniyevin əllərinə sağlıq demək lazımdır. Diniyev uzun illər pullarını əcnəbilərə paylayan və qarşılığında xeyli uğursuzluqlar yaşayan klub rəhbərlərinə də öz işiylə göstərir ki, nahaq ona güvənməyiblər bu illər ərzində.

 

Şahin Diniyevi bir məşqçi kimi fəqləndirən məqamlar az deyil. Misal üçün, onun son açıqlamasında bu fikirlərə diqqət yetirin:

 

“Qələbə üçün 10 min manat mükafat verilir. Bu 10 min manatı biz 53 nəfər arasında bölürük. Fotoqraf da, ot biçən də, xadiməçi də, futbolçu da mükafat alır”.

 

Azərbaycan futbolundan dərin məlumata malik olmayan, prosesləri kənardan izləyənlər üçün bu, adi hal sayıla bilər. Əslində isə… Çətin ki, bizim hansısa Premyer Liqa klubunda hər oyuna görə verilən mükafat 53 nəfər arasında paylansın. Bizim klublarda “premya”lar adətən komanda üzvləri arasında paylanır, digərlərini bu pula layiq görmürlər. Elə hesab edirlər ki, qələbədə futbolçulardan və komanda üzvlərindən başqa heç kəsin əməyi yoxdur.

 

Şahin Diniyev isə belə düşünmür. O, qələbədə ot biçəndən tutmuş xadiməçiyə qədər hamının pay sahibi olduğunu düşünür. Belə yanaşmaya görə Şahin Diniyevə alqış düşür. Axı, bu, özü də bir mədəniyyətdi, pul bölmək mədəniyyəti!

 

SPORTAL.AZ

Xəbər xətti