"Gəncləşdirmə siyasəti mərhələ-mərhələ aparılmalıdır, birdən-birə yox"
Bu mövsüm "Neftçi" öz uğursuz çıxışı ilə yadda qalır. Bir zamanlar "Neftçi"nin futbolçusu olmuş, hazırda "Neftçala"nın baş məşqçisi Kamal Quliyev bu uğursuzluğun səbəbləri haqda Sportal.az-a açıqlamasında şərh verib:
"Ola bilsin ki, mənim dediyim sözlər bir çoxlarının xoşuna gəlməz, mənim də öz komandam var, "Neftçi"nin uğursuz çıxışı bu ailənin bir üzvü kimi məni də narahat edir. Bu komanda futbolçu kimi püxtələşməyimdə xüsusi yer tutur. Belə durumda olmağı mənə pis təsir edir. Həqiqətən də, "flaqman" heç vaxt turnir cədvəlində bu pillələrdə olmayıb, hər zaman öz iddialı çıxışı ilə yadda qalıb, liderlər qrupunda yer alıb. Klub rəhbərliyi elan etdi ki, komandada gəncləşdirmə siyasəti aparılır, bir çox təcrübəli legioneri komandadan xaric etdilər. Bu, "Neftçi" kimi komandaya yaraşmazdı, çünki "Neftçi" tarixdir.Yenə də, bu klub rəhbərliyinin qərarı idi, buna da hörmətlə yanaşmaq lazımdır. Çünki "Neftçi" artıq öz səsini Avropaya eşitdirmişdi, indiki hədəf Çempionlar Liqasının qrup mərhələsi olmalı idi. Amma təəəsüflər ki, klub rəhbərliyi dəyişdi, Müşahidə Şurası yaradıldı. bunlar da komandaya təsirsiz ötüşmədi. Buna baxmayaraq da, gənc, istedadlı futbolçular "Neftçi"də üstünlük təşkil edir. Ümid edirəm, klub rəhbərliyi dediyi kimi, bu il olmasa da, 3 il ərzində istədiyi nəticələri əldə edə biləcək. Amma 3 il də uzun müddətdir, "Neftçi" kimi komandaya belə nəticələr yaraşmaz. Gəncləşdirmə siyasəti mərhələ-mərhələ aparılmalıdır, birdən-birə yox. Belə siyasət aparılarkən, heyət təcrübəli və gənc futbolçuların vəhdətindən təşkil olunmalıdı.
Azarkeşlər də istəmirlər ki, komandaları uduzsunlar, turnir cədvəlində aşağı pillələrdə yer alsın. Tarixi bir klubun belə duruma düşməsi heç də yaxşı deyil. Məşqçiləri də qınamıram, onlarında əllərində olan futbolçular bunlardır".
saytlarin hazirlanmasi