Ardıcıl 2-ci dəfə...
Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib. Mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.
Sportal.az xəbər verir ki, bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.
Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.
Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.
Ümumilikdə isə ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.
| mövsüm | qalib | finalçı | hesab | 
| 1992 | “İnşaatçı” (Bakı) | “Kür” (Mingəçevir) | 2:1, əlavə vaxtda | 
| 1993 | “Qarabağ” (Ağdam) | “İnşaatçı” (Sabirabad) | 1:0, əlavə vaxtda | 
| 1993/94 | “Kəpəz” (Gəncə) | “Xəzər” (Lənkəran) | 2:0 | 
| 1994/95 | “Neftçi” (Bakı) | “Kür” (Mingəçevir) | 1:0 | 
| 1995/96 | “Neftçi” (Bakı) | “Qarabağ” (Ağdam) | 3:0 | 
| 1996/97 | “Kəpəz” (Gəncə) | “Xəzri” (Bakı) | 1:0 | 
| 1997/98 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:0 | 
| 1998/99 | “Neftçi” (Bakı) | “Şəmkir” | 0:0, pen. 5:3 | 
| 1999/2000 | “Kəpəz” (Gəncə) | “Qarabağ” (Ağdam) | 2:1 | 
| 2000/01 | “Şəfa” (Bakı) | “Neftçi” (Bakı) | 2:1 | 
| 2001/02 | yarımçıq qalıb | ||
| 2002/03 | Keçirilməyib | ||
| 2003/04 | “Neftçi” (Bakı) | “Şəmkir” | 1:0, əlavə vaxtda | 
| 2004/05 | “Bakı” | “İnter” (Bakı) | 2:1, əlavə vaxtda | 
| 2005/06 | “Qarabağ” (Ağdam) | “Karvan” (Yevlax) | 2:1 | 
| 2006/07 | “Xəzər Lənkəran” | “MKT-Araz” (İmişli) | 1:0 | 
| 2007/08 | “Xəzər Lənkəran” | “İnter” (Bakı) | 2:0, əlavə vaxtda | 
| 2008/09 | "Qarabağ" (Ağdam) | "İnter" Bakı | 1:0 | 
| 2009/10 | “Bakı” | “Xəzər Lənkəran” | 2:1, əlavə vaxtda | 
| 2010/11 | “Xəzər Lənkəran” | “İnter” (Bakı) | 1:1, pen 4:2 | 
| 2011/12 | “Bakı” | “Neftçi” (Bakı) | 2:0 | 
| 2012/13 | “Neftçi” (Bakı) | “Xəzər Lənkəran” | 0:0, pen 5:3 | 
| 2013/14 | “Neftçi” (Bakı) | "Qəbələ" | 1:1, pen.2:3 | 
| 2014/15 | "Qarabağ" Ağdam | “Neftçi” (Bakı) | 3:1 | 
 
      
                    