Kiçik meydançada böyük hadisə QEYD

00:35 - 7 Avqust 2021

Azərbaycan futbolunun tarixi yaxşı nəticələrlə zəngin olmasa da, futbolumuz tarix boyu yaxşı futbolçularla zəngin olub. Bu gün onlar, tariximizin böyük bir parçası olan veteranlar “Qarabağ Azərbaycandır!” şüarı ilə yoldaşlıq oyunu keçirmək üçün bir araya gəldilər. 


Azərbaycan milli komandasının keçmiş üzvləri ilə “Qarabağ”ın məşqçilər heyəti arasındakı oyunun iştirakçılarına baxanda, istər-istəməz adamın gözü önündə futbolumuzun keçmişi canlanırdı. Hocanı futbolçu geyimində görərkən bir anlıq Fikrət Adıgözəllinin “Qurban Qurbanov hücumdadır” ifadəsi qulağımda cingildədi. Futbolçu Qurban Qurbanov  barədə danışanda, yəqin ki, çoxumuzun yadına ilk növbədə 2003-cü ildəki Serbiya və Çernoqoriya ilə oyunlar düşür. Tələbəlik vaxtlarım idi, Azərbaycanda futbol dayanmışdı. Açığı, səfərdəki oyunda heç nəyə ümidim yox idi. Lakin Qurban Qurbanovun qollarıyla səfərdə geridönüş edib heç-heçəni qoparmağımız, evdə isə qələbə qazanmağımız tarixi nəticə olmuşdu. Çempionatı keçirilməyən bir ölkənin yığmasının güclü rəqiblə oyunlarda 4 xal qazanması haradan baxsan, möhtəşəm nəticə idi o dövr üçün.  


MDB kubokunda Blatter və Platininin ayaqüstə alqışladığı Zaur Ramazanov, həmişə döyüşkənliyi ilə seçilən Tərlan Əhmədov, İtaliya ilə Bakıdakı matçda feyerik oyun sərgiləyən və həmin oyundan sonra İtaliya klublarının maraq dairəsinə düşən Samir Əliyev, bir vaxtlar millimizin göz bəbəyi olan Zaur Tağızadə,  “professor” ləqəbi alan Mahmud Qurbanov,  “Qarabağ”ın əfsanəsi Müşfiq Hüseynov, millimizin ən xarizmatik lideri Rəşad Sadıqov... 


Sevindirici mənzərə idi. Su İdman Sarayının kiçik meydançasında Azərbaycan futbolunun böyük adları yığışmışdı. Oyunu kənardan izləyənlər arasında SSRİ-nin güclü futbolçularından olan İqor Ponomaryov, “texnar” Bəxtiyar Musayev, Ramiz Məmmədov, Yunis Hüseynov. Bir anlıq fikirləşirəm ki, indi Yunis Hüseynov kimi istedadlı futbolçularımız olsaydı, qiyməti milyonlarla ölçülərdi. Yazının əvvəlində də qeyd etdiyim kimi, başqa dövrdə oynayıblar. Sistem, təşkilatçılıq baxımından axsaqlıqlar çox olub deyə, tarix yaza bilməyiblər, amma hərəsi özünə görə bir tarixə çevrilib bizimçün.  


Qurban Qurbanovla Rəşad Sadıqovu rəqib kimi görmək özü də maraqlı mənzərəydi. Bir tərəfdə “Qarabağ”ın məşqçilər heyəti, o biri tərəfdə Azərbaycan yığmasının keçmiş üzvləri. “Qarabağ”ın hesabı erkən açması elə təəssürat yaratdı ki, Qurban Qurbanovun komandası rahat qələbə qazanacaq. Amma dəqiqələr ötdükcə sabiq yığma üzvləri toparlanıb oyunun axarını dəyişə bildilər, hətta üstünlüyü ələ aldılar. İlk hissə 2:2 hesabıyla bitəndə, həmkarlarımdan biri oyunun elə heç-heçə bitəcəyini ehtimal elədi. Yəni, sovet vaxtlarından bu tip oyunlarda görməyə alışdığımız “dostluq qələbə qazandı” şüarı ilə heç-heçə! Təbii ki, mən bu fikirlə razılaşmadım, elə meydançada olanlar da. Millimizin sabiq üzvləri 7:3 hesablı qələbə qazandılar. Rəşad Sadıqovun liderliyi, Mahmud Qurbanovun qolları, Musa Qurbanovun driblinqləri, Tərlan Əhmədovun ağıllı oyunu, Samir Əliyev və Zaur Ramazanovun keçidləri. Lakin mənə görə oyunun ən maraqlı hadisəsi Veteranlar İttifaqının 66 yaşlı sədri Oqtay Abdullayevin sərgilədiyi performans oldu. Əminliklə deyə bilərəm ki, bu yaşda belə futbol oynamaq hər adamın iş deyil. Yeri gəlmişkən, Oqtay müəllim qüvvətli zərbəylə baxımlı qol da vurmağı bacardı.   


Veteranları bir arada görmək həqiqətən gözəl mənzərəydi. Bu gün elə bir vəziyyət yaranıb ki, millimizin uğursuz nəticələri fonunda sanki Azərbaycanda heç vaxt futbol və futbolçular olmayıb kimi fikirlər formalaşdırılır. Hərçənd, Azərbaycanda həmişə futbol da olub, futbolçular da. Qəbul etməli olduğumuz reallıq isə odur ki, həmişə fərd olaraq üzdə olmuşuq, komanda olmaqda çətinlik çəkmişik. Məhz bu baxımdan veteranlarımızın bu gün kiçik meydançada bir araya gəlməsi futbolumuzun bu günündə böyük hadisə oldu. 


Emin ABBASOV

 

Xəbər xətti