"Araz-Naxçıvan"dan ayrılan Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.
- "Araz-Naxçıvan" mövsümə çox uğurlu başladı, avrokuboklarda hətta "Aris" kimi rəqibi keçdi. Amma sonradan "Omoniya"ya uduzdunuz. Yekunda isə gözləntiləri qarşılaya bilmədiz. Ümumiyyətlə, uğurlu başlayıb, sonda gözləntiləri qarşılaya bilmədiyiniz mövsümü necə dəyərləndirirsən?
- Bəli, mövsümə əla başlamışdıq. Qeyd etdiyiniz kimi, uğurları əldə edə bilmişdik. Lakin sonradan komandada eniş başladı. Əslində, ilk dövrədə avrokuboklar zonasında idik. Amma mövsümün ikinci hissəsində məğlubiyyətlərimiz çox oldu. Burada bütün futbolçulardan tutmuş, işçilərinə qədər hər kəsin səhvi var idi. Xüsusi səbəb axtarmaq lazım deyil.
Bu mövsüm "Araz-Naxçıvan"ın heyəti daha güclü idi sanki və rotasiya üçün də imkanlar geniş idi. Bəs, səncə, bu cür heyətlə komanda niyə avrokuboklar zonasına düşə bilmədi?
Qeyd etdiyim kimi, səbəbi hamımızdadır. Xüsusi səbəb axtara bilmərik. Komanda şəklində oynaya bilmədik.
- Şəxsən özün üçün necə keçdi mövsüm? Stabil olaraq oynadın, daim meydanda idin...
- Mövsümü özüm üçün normal hesab edirəm. Əskər matçlarda da meydanda oldum. Komanda üçün əlimdən gələnin artığını etməyə çalışmışam. Hər zamanda meydanda bəzi şeylər alınmaya bilər. Amma vacib olan meydanda sona qədər vuruşmaqdır. Mən də daim bunu etmişəm.
- Azərbaycan Premyer Liqasında bu mövsüm sabiq komandan "Sabah" "Qarabağ"ın dominantlığına da son qoydu. Buna necə şərh verərdin və razısan ki, bu mövsüm son illərin ən ağır liqası oldu?
- Bəli, “Sabah” bu mövsüm əla komanda formalaşdıra bilmişdi. Açığı, “Qarabağ”ı üstələməsi gözlənilməz oldu. Düşünürəm ki, bundan sonrası onlar üçün daha da çətin olacaq. Bu uğuru qorumaq və təkrar etmək lazım gələcək. Hər mövsüm də rəqiblər güclənir.
- Klubunda daimi oynasan da, milli komandaya dəvət edilmədin, son toplanışa çağırmadılar. Ümumiyyətlə, millidən dəvət gözləyirdin?
- Bəli, milli komandadan dəvət gözləyirdim. Çünki milli komandada yer almaq hər zaman şərəfdir. Meydana çıxdım və ya çıxmadım, fərqi yoxdur. Bundan sonra da belə olacaq. Futboldur da, qərarı verən məşqçilər korpusu var. Biz əlimizdən gələni etməyə çalışırıq ki, milliyə layiq olaq.
- “Araz-Naxıvan”da qalmamağın səbəbi nə idi?
- Doğrudur, yollarımız ayrıldı. Necə olacağı haqda dəqiq nəsə deyə bilmərəm. Komandalarla danışıqlar gedir. Düzü, heç danışığımız olmadı, sadəcə yolları ayırdıq.
- Yeri gəlmişkən, Azərbaycan millisi Maltaya məğlub oldu. Bu haqda fikrin necədir? Qarşıda Millətlər Liqası oyunları gəlir. Səncə, Litva və Lixtenşteyn matçlarında nəyə ümid edə bilərik?
- Millimizin oyununu TV-dən izləyirdim. Əslində, millimiz oyunu yaxşı keçirdi, kifayət qədər də qol epizodları oldu. Sadəcə dəyərləndirə bilmədik. Rəqib isə əldə etdiyi şanslardan yararlandı. Belə matçlar olur da, əsas qarşıdakı rəsmi oyunlardır.
- Ölkə xaricinə yollanmaq ehtimalın var?
- Hələ ki, növbəti klubumun ölkə daxilindən, ya xaricindən olacağını bilmirəm. Təkliflərdən asılı olacaq. Xeyirlisi olsun.
Mirbağırağa
