İllərdir dad eləyirdik ki, futbolumuzun inkişafı həm də futbolçularımızın xaricə çıxmasına bağlı bir prosesdir. Hamı başa düşür ki, Avropanın futbol qapıları üzümüzə taybatay açılmayana qədər milli komandanın ciddi nəticələrinə ümid eləmək arzudan başqa bir şey deyil. Nəhayət, futbolçularımız asta-asta ölkədən çıxmağa başlayıb, ən azından ölü nöqtədən bir tərpəniş baş verib.
Mahir Emrelinin “Legiya”ya keçidinin xoş təəssüratını yaşadığımız bir vaxtda Namiq Ələsgərovla bağlı da sevindirici xəbər eşitdik. Türkiyənin adlı-sanlı klublarından olan “Bursaspor”un Namiq Ələsgərova 3 illik müqavilə təklif etməsi mediada gündəm oldu . Lakin çox qısa vaxt ərzində sevinc kədərlə əvəzləndi. Səbəb “Neftçi”nin Namiq Ələsgərovu heç yerə buraxmaq istəməməsidir...
İlk baxışdan “Neftçi”nin möqveyi anlaşılan görünür – futbolçu mənimdir əgər, buraxmıram, əl çəkin! Amma məsələnin dərininə vardıqca, mənzərə dəyişir və belə görünür ki, “Neftçi” həm mənəvi, həm də hüquqi baxımdan futbolçunun yolunu kəsməli deyil. Məsələnin mənəvi tərəfi belədir ki, xaricdən təklif olacağı təqdirdə, Namiqin transferinə əngəl olmayacağına dair rəhbərliyin verdiyi söz var ortada. Yəni, söz danışıqdan keçər. Məsələnin hüquqi tərəfinə gəlincə, Namiq Ələsgərovun müqaviləsində belə bir bənd var ki, futbolçuya müştəri çıxan əcnəbi klub müqavilədə qeyd olunmuş məbləği ödəmək şərti ilə onu heyətinə qatmaq hüququna malikdir. Yəni, əgər futbolumuzun küçələrində 90-cı illərin havası əsmirsə, “Neftçi” Namiqin transferini hüquqi cəhətdən əngəlləməkdə acizdir.
Xoşagəlməz mənzərədir. Ötən mövsüm vurduğu 19 qolla uzun illərdən sonra “Neftçi”nin çempionluğunda mühüm rol oynayan Namiq indi elə bir vəziyyətdədir ki, məşqə belə çıxmaq istəmir. Onu anlamaq çətin deyil. “Neftçi”dən aldığı pulun haqqını qəpiyinə qədər verən, həmişə canla-başla mübarizə aparan biri indi təntənəli şəkildə xaricə buraxılmalı olduğu halda, əngəllərlə üzləşir. Onun 26 yaşı var, “Bursaspor” hal-hazırda I Liqada olsa da, tezliklə Super Liqaya qayıda bilər və ya Namiqin oradan Türkiyənin daha iddialı klublarına yolu açıla bilər.
Belə görünür ki, “Neftçi”nin prezidenti Kamran Quliyev cığallıq edir. Yəqin özü də başa düşür ki, elədikləri nə peşəkarlıq, nə də insani cəhətdən doğru bir şeydir. Namiq Ələsgərov yaxşı futbolçu olmaqla yanaşı, həm də yaxşı insandır. Yalnız oyunuyla yox, həm də davranışıyla seçilib meydançada da, onun kənarında da. İndi ona göstərilən bu münasibət nədir? Zatən 6 ay tez, 6 ay gec Namiq müqaviləsi bitər-bitməz çıxıb gedəcək istədiyi yerlərə. Amma o zaman klub rəhbərinin əlini sıxmaq əvəzinə, qapını çırpıb getməsi təəccüblü olmayacaq.
Həmid
saytlarin hazirlanmasi