Azərbaycan futbolunun içində olanlar deyəndə, bu, futbolçular, məşqçilər, klublarda çalışanlar, funksionerlər, agentlər, jurnalistlər, üzdə olan azarkeşlərdən ibarət bir qrup nəzərdə tutulur ki, onların da əksəriyyəti bir-biri ilə ya əyani, ya da qiyabi tanışdırlar. Axı, izləyici auditoriyası az olmasa da, futbol sahəsində aktiv fəaliyyət göstərən qisim elə də böyük deyil. Mənim yaxından tanıdıqlarımdan biri də İlqar Qurbanovdur. İlk tanışlığımız haradasa 10 il əvvəl olub və o vaxtdan bəri hər dəfə görüşəndə söhbətlərimiz maraqlı alınıb. Çünki İlqar hər məsələyə öz baxışı, öz mövqeyi olan şəxslər qrupuna aid biridir. Qısası, maraqlı həmsöhbətdir.
Bu dəfə onunla Antalyada qarşılaşdıq. İşgüzar səfərdə olan Qurbanovla növbəti dəfə həmsöhbət olmaq imkanımı qaçırmadım. Amma bu dəfə söhbətimizi müsahibə formasında eləmək qərarına gəldim.
İlqar Qurbanov artıq bir ildir ki, AFFA-da milli komandaların skautu kimi fəaliyyət göstərir. İlk günlərdən bu işə həvəslə girişib. İstər Premyer Liqa oyunları olsun, istər aşağı yaş qruplarının oyunlarında nə vaxt baxırsansa, İlqarı stadionlarda görmək olur. Elə budəfəki söhbətimizə də AFFA-dakı işi ilə bağlı sualla başladıq.
- Bizim futbolçular adətən karyeralarını bitirəndən sonra məşqçilik barədə düşünürlər. Sən isə futbol işinin skautinq qoluna üstünlük verdin. Artıq bir ildir ki, iş başındasan. Bu müddəti necə dəyərləndirərdin?
- Futbolçu karyeram sona yaxınlaşdıqca, artıq gələcəyim barədə düşünməyə başlamışdım. Hələ o vaxtdan özüm üçün müəyyənləşdirmişdim ki, məhz skautinqlə məşğul olacağam. Çünki bu sahədə boşluqların, çatışmazlıqların olduğunu görürdüm. AFFA-da bir illik fəaliyyətimə gəlincə, arxada qalan müddətdə milli komandalara xaricdə yaşayan həmyerlilərimizi cəlb etmişik, indi də bu yöndə işlərimizi davam etdiririk. Məncə, işimiz səmərəli alınıb. Sadəcə futbolçularımızın Rusiyada və Türkiyədə legioner sayılması bir qədər işimizi çətinləşdirir. Elələri var ki, həmin ölkələrdə legioner sayılacaq deyə, bizim millidə çıxış etməkdən çəkinir. İddia edirəm ki, əgər bizim futbolçular qeyd etdiyim ölkələrdə legioner sayılmasa, 10 ilə gözlədiyimiz inkişaf 3-4 ilə həyata keçər.
- Elələri də var ki, ya atası, ya anası azərbaycanlıdı, amma bizim Premyer Liqada legioner sayılırlar deyə, klublarımız götürmürlər onları. Halbuki bəlkə də, yerli kimi bizim Premyer Liqada oynayıb üzə çıxa bilərlər. Hər halda, yəqin razılaşarsan ki, misalçün, Rusiyada olan rəqabətlə bizim çempionatda olan rəqabət eyni deyil. Bizim Premyer Liqada üzdə olan Aleksey İsayev, Rəhim Sadıxov kimi oyunçular Rusiyada aşağı liqa futbolçuları olub, xüsusi fərqlənməyiblər. Digər tərəfdən hansısa Almeyda, Ozobiç Azərbaycan pasportu daşıyır, amma soyadı Həsənov, Məmmədov olan həmyerlimiz bizdə legioner sayılır. Ötən il Dərbənddə olanda gördüm ki, şəhər əhalisinin az qala yarısı azərbaycanlılardır və dilimizdə çox səlis danışırlar. Amma ölkəmizə gəlməli olsalar, bizdə onlar legioner sayılacaqlar. Olmazmı ki, valideynlərinin azərbaycanlı olduğunu təsdiqləyən sənəd təqdim eləyən həmyerlilərimiz Premyer Liqada legioner sayılmasın?
- Açığı, bu barədə AFFA-nın Texniki Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə söhbətibimiz olub ki, xaricdə potensialını tam aça bilməyən həmyerlilərimizi buraya cəlb edək. Hansısa klubu məhz belə futbolçuların bazasında quraq. Ancaq hələ ki, müzakirə olub, hər hansı qərara gəlməmişik.
- Son vaxtlar Premyer Liqada limitin dəyişdirilməsi, start heyətində daha çox legionerin meydançaya çıxması məsələsi müzakirə olunur. Aydın məsələdir ki, bu mövzuda daha çox millini düşünən federasiya rəhbərliyi ilə klub rəhbərlərinin fikirləri fərqlidir. Sən necə düşünürsən, Premyer Liqamız üçün ən ideal legioner limiti necə olar?
- İlk növbədə onu deyim ki, gənc futbolçu limitinə görə oynayan cavanların rahat olduqlarını görürəm sanki. Mən vaxtıkən heyətə düşmək üçün Mahmud Qurbanov, Samir Əliyev kimi oyunçularla rəqabət aparırdım. İndikilərin əksəriyyəti isə gənc oyunçu kimi heyətə düşəcəklərini bildikləri üçün o cür rəqabət aparmırlar. Əcnəbilərə gəlincə, mən ümumiyyətlə start heyətində legioner limitinin 5-ə endirilməsinin tərəfdarıyam.
- Maraqlıdır, əksəriyyət legioner sayının artmasının tərəfdarıdır, sən isə əksinə. Niyə?
İndiki legionerlərin oynamağındansa, 11 azərbaycanlı oynasa, daha yaxşıdır. Yerli futbolçuların inkişaf etməməsinin əsas səbəblərindən biri də yanlarında belə zəif legionerlərin oynamasıdır. Bizim vaxtımızda yanımızda Reynaldo var idi, Çumbinyo var idi.
- İndi də Zubir var, Kadi var..
- Tək “Qarabağ”la götürməyək də. Ümumi götürsək, klublarımızda legioner seçimi hədsiz dərəcədə bərbaddır. Baxırsan ki, qısa zaman ərzində klublara xeyli sayda əcnəbi gətirirlər, sonra yola salırlar. Həmin aşağı səviyyəli legionerlərdən futbolçularımız nə öyrənə bilərlər ki.
- Aydındır. Adətən Bakıda üz-üzə gələrdik, bu dəfə Antalyada qarşılaşdıq. Səfər proqramın necədir?
- Bu ilin mart ayında UEFA-nın skautinq və menecment kurslarına qatılmaq ehtimalım var. Düzdür, karyerasını bitirib bu işə başlayanlara müəyyən güzəştlər var, amma bəzi mövzulara dair imtahan verməyim lazım gələcək. Skautinq sahəsində yeni olduğum üçün təcrübə toplamağım vacibdir. Ona görə də, hal-hazırda Antalyada toplanışda olan bir neçə xarici klubun düşərgəsinə baş çəkməyi razılaşdırmışam. Həmin klublarda skautinq işinin necə təşkil olunduğunu və digər məsələlər barədə fikir mübadiləsi aparıb, onların da iş metodikasını bilmək istəyirəm. Səfər zamanı Antalyada olan bizim klubları da yaxından izləyəcəyəm.
- Öz üzərində çalışmağın, inkişaf etmək istəyin təqdirə layiqdir...
- Açığı, mən ölkəmizdə dəqiq işləyən skautinq sistemini yaratmaq istəyindəyəm. Baxırsan, bizdə çempionatın başlamağına bir ay qalmış oyunçu seçirlər. Bunun effekti ən yaxşı halda 30-40 faiz olacaq, necə deyərlər, lotoreyadır. Halbuki bu elə işdir ki, futbolçunu həftələrlə, aylarla izləmək gərəkdir, nə qədər uyğun olduğunu müəyyənləşdirmək lazımdır. Bizdə adətən görürsən ki, bir futbolçunu yola salırlar, yerinə elə onun səviyyəsində oyunçu gətirirlər. Elə bir sistem qurmaq istəyirəm ki, klublarımız da bundan yararlansınlar.
- Sənə elə gəlmir ki, bu məsələdə klubların fikirlərinə, transfer siyasətinə təsir eləməyin çətin görünür?
- Sözsüz ki, elədir. Amma bu, mənim istəyim, hədəfimdir. Avropada xeyli skautla görüşürəm, danışıram və görürəm ki, onlar bu işlərdə nə qədər irəli gediblər. İngiltərədə bir skautla danışmışdım. Onda elə bir sistem var idi ki, futbolçunun məlumat bazasını açan kimi orada qeyd olunurdu ki, həmin oyunçu hansı ölkələrdə çıxış etməyə daha uyğundur, oyun tərzi həmin ölkənin hansı klubları üçün münasibdir və s. Aydın məsələdir ki, bu işləri birdən-birə qurmaq mümkün olmayacaq. Lakin maariflənmə və təcrübə toplamaqla bu tip sistemləri bizdə də qurmaq olar.
Emin Abbasov, Antalya
saytlarin hazirlanmasi