"Qəbələ"nin legioneri: "Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır"

17:51 - 10 İyul 2022

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu İsnik Alimi hazırlıq prosesi barədə fikirlərini klubun saytına açıqlayıb:

 

“Təlim-məşq toplanışının Qəbələdəki birinci hissəsi çox yaxşı keçdi. Biz hazırda çalışmalarımızı davam etdiririk. Hər kəs işin ciddiyyətini çox gözəl qavrayır, düzgün yanaşma və konsentrasiya ilə qarşıdakı matça hazırlaşır. Hamı bizi Konfrans Liqasında gözləyən oyuna hazır olmağa səy göstərir, bunun üçün çalışır. Mövsümün ilk qarşılaşmasına neçə faiz hazır olduğumuzu demək çətindir”.

 

Şimali makedoniyalı yarımmüdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsinin “Fehervar”la görüşləri barədə düşüncələrini də açıqlayıb: “Komandamızın heyətindəki bir çox futbolçu Avropa miqyaslı turnirlərdə ilk dəfə iştirak edəcək. Yəni, ilk dəfə belə hissləri, fərqli oyun təcrübəsini yaşayacaq. Bu, komanda olaraq bizi çəkindirmir, qorxutmur. Düzdür, qarşıdakı matç digər oyunlar kimi olmayacaq. Öz üzərimizdə hər tərəfdən bir az təzyiq hiss edəcəyik. Amma bu, futboldur. Biz meydana yüksək əzmlə çıxmalı və öz oyunumuzu göstərməliyik. Əlimizdən gələnin ən yaxşısını etməli və istədiyimiz nəticəni qazanmağa çalışmalıyıq”.

 

İsnik cütün taleyinin Qəbələdəki cavab qarşılaşmasında həll olunacağı qənaətindədir: “Bizi iki oyundan ibarət bir tur gözləyir. “Fehervar”la duel tək bir matç deyil. Hər iki görüş çox vacibdir. Amma nəzərə almalıyıq ki, hər şey ilk qarşılaşmada bitmir. Qəbələdə çox vacib, turun yekun oyunu olacaq. Ona görə də iki oyuna konsentrasiya olmalı, diqqətdə saxlamalı, hazırlığımızı və gücümüzü ona görə hesablamalıyıq”. 

 

Alimi yeni transferlər və komandada formalaşan atmosfer barədə də fikirlərini bildirib: “Komandaya yeni futbolçular qoşulub. Onların çox kömək edəcəyini düşünürəm. Görünən odur ki, yeni oyunçular uyğunlaşmada hər hansı problem yaşamırlar. Biz də komandanın təcrübəliləri kimi onlara yardımçı olmağa çalışırıq. Yeni transferlərin işə yanaşması, motivasiyası, konsentrasiyası ilə komandaya böyük qatqısı olacaq. Heyətə yeni qoşulan futbolçular “Qəbələ”dəki xoş, ailə, dostluq atmosferini hiss edirlər. Belə ab-hava onların xoşuna gəlir. Özüm də komandaya gəldiyim gündən xoş mühiti, dostluğu, bir-birinə yardım etməyi görmüşəm. Yeni gələnlər də bunu hiss edir. Biz də onlara yardım göstəririk. Düşünürəm ki, növbəti mövsüm həm göstərdiyimiz futbolla, həm də dostluq mühiti içində yaratdığımız bu güclü kollektivlə daha yaxşı nəticələrə nail olacağıq”.

Xəbər xətti