Premyer Liqamızın 13-cü monteneqrolusu: Millimizə qol vuran, Robert Prosineçkinin köməkçisi - FOTOLAR

13:31 - 9 Avqust 2022

"Qarabağ" yay "transfer pəncərəsi" zamanı heyətini monteneqrolu futbolçu ilə gücləndirdi. Ağdam təmsilçisi ölkəsinin millisində çıxış edən Marko Yankoviçi heyətinə qatdı. Yarımmüdafiəçi avrokuboklardakı etibarlı oyunu ilə artıq futbolsevərlərə tanış olsa da, Azərbaycan Premyer Liqasında ötən həftə debüt etdi.

O, 1-ci turun “Səbail”ə qarşı keçirilən görüşündə ikinci hissədə meydana daxil oldu. Bununla da Premyer Liqamızda oynamış 13-cü monteneqrolu kimi tarixə keçdi. 

Yankoviçə qədər Premyer Liqada 12 monteneqrolu futbolçu çıxış etmişdi. Onlardan biri, “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç isə hələ də çempionatımızda çıxış edir. İndiyə qədər Azərbaycanda monteneqrolu futbolçulara ən çox ehtiyac duyan “Zirə” olub. Belə ki, onlar İqor İvanoviç, Miloş Bakraç və Boyan Zoqoviç olmaqla üç monteneqrolunun xidmətindən istifadə edib.

Premyer Liqamızda oynamış ilk monteneqrolu isə "Bakı"da yer alıb. Belə ki, 2004-cü ildə Miodraq Zeç adlı forvard “Moqren”dən “Bakı”ya icarəyə gəlmişdi. Sportal.az sizə ölkəmizdə oynamış və ən yaddaqalan monteneqroluları təqdim edir.

Aleksandr Nedoviç 

Hazırda Monteneqronun tanınmış klublarından olan “Buduçnost”u çalışdıran Nedoviç Miodraq Zeçdən sonra ölkəmizə gəlib. 2005-ci ildə “Radniçki”dən ayrılaraq “İnter”ə (indiki “Şamaxı) keçmiş veteran futbolçu qısamüddətli Azərbaycan karyerasından sonra ölkəsinin “Qrbaly” klubuna keçmişdi.




Miyuşko Boyoviç

2018/2019 mövsümündə Avropa Liqasının birinci təsnifat mərhələsinin “Neftçi” – “Uypeşt” matçında Miyuşko ilk dəfə azərbaycanlı futbolsevərlərlə tanış olmuşdu. Bakıdakı 1:3 hesablı məğlubiyyətə baxmayaraq, Boyoviçin komandası evdə qalib gələrək ikinci mərhələdə "Sevilya" ilə qarşılaşmışdı. Ondan bir il sonra isə 33 yaşlı futbolçu “Keşlə” (inidki “Şamaxı”) ilə anlaşmışdı. Monteneqronun U-21 yığmasının sabiq üzvü qışda Serbiyanın 1-ci divizion klubu “İndiya”ya keçib.




Boban Baykoviç 

Karyerasının böyük hissəsi “Srvena Zvezda” ilə bağlı olan Boban “Neftçi”yə Belçikanın "Liers" klubundan gəlmişdi. Serbiyanın ən tanınmış klublarından birində 100 oyun keçirmiş Baykoviçin Azərbaycandakı karyerasını uğurlu hesab etmək olmaz. Bir mövsümlük karyerası ərzində həm etibarlı, həm də etibarsız keçirdiyi görüşlər oldu. Azərbaycandan ayrıldıqdan sonra isə o, “Srvena Zvezda”nın aşağı yaş qruplarından ibarət komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərib. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin məşqçilər korpusunda yer alan 37 yaşlı məşqçi Prosineçki ilə birlikdə “Kayserispor”, “Dənizlispor” və “Olimpiya”(Lyublyana) klublarında çalışıb.




İqor İvanoviç

2015-2016-cı illərdə “Zirə” forması geyinmiş İvanoviç ölkəsinə qayıtdıqdan sonra karyerasında yüksəliş əldə edə bilib. Belə ki, o, “Sutyeska”dan “Buduçnost”a keçdikdən sonra Monteneqro millisinə dəvət edilmişdi. 31 yaşlı futbolçu hətta 2020-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə qol da vurub. 2:0 başa çatan görüşdə İvanoviç Emil Balayevin qoruduğu qapıdan ikinci topu keçirmişdi. 



Nikola Vuyadinoviç 

Ölkəmizdə oynamış monteneqrolular arasında ən zəngin karyeraya malik futbolçunun Nikola Vuyadinoviç olduğunu desək, yəqin ki, yanılmarıq. Monteneqronun U-21 yığmasının sabiq üzvü “Sabah”a gələnə qədər “Udineze”, “Aberdin”, “Şturm”(Qrats), “Osasuna”, “Lex” kimi tanınmış klubların formasını geyinib. Amma Azərbaycandakı uğursuz karyerasının ardından o, Serbiyanın “Radniçki”(Nis) klubuna keçmişdi. Hazırda isə “Çukariçki” forması geyinir.





Mirbağırağa

Xəbər xətti