İslam Həmrəyliyi Oyunlarında daha 7 medal

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir.

Sportal.az xəbər verir ki, Konya Texniki Universitetində təşkil olunan yarışın ikinici günündə sərbəst güləşdə 61, 70, 79, 92 və 125 kq-da, qadın güləşində isə 53, 62 və 72 kq-da mübarizə baş tutub.

Sərbəst güləş

İslam Bazarqanov (61 kq) əfqanıstanlı Məhəmməd Səyid Naseriyə (10:0), pakistanlı Məhəmməd Bilala (3:0) və iranlı Məcid Dastana (10:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə özbəkistanlı Cahangirmirzə Turabova xalların keyfiyyətinə görə (6:6) məğlub olan İslam gümüş medalla kifayətlənib.

Əsgər Məmmədəliyev (65 kq) ilk mərhələdə kamerunlu Guldilim Kristiana (10:0), 1/4 finalda isə albaniyalı İslam Dudayevə (5:4) qalib gəlib. Yarımfinalda qırğızıstanlı Ernazar Akmataliyevlə (1:12) bacarmayan Əsgər tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Hacımurad Ömərov (79 kq) özbəkistanlı Arslan Budajapova sonuncu xal prinsipinə əsasən (4:4) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Əli Savadxoyiyə (0:7) uduzan Hacımurad qazaxıstanlı Mehir Koşkinbayevi 10:4 hesabıyla məyus edərək bürünc medalı boynundan asıb.

Osman Nurmaqomedov (92 kq) da yarışa 1/4 finaldan başlayıb və tunisli İmed Kaddidiyə heç bir şans tanımayıb - 10:0. Yarımfinalda iranlı Əhməd Bazrigalehə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Osman qazaxıstanlı Abdimanap Baigenjeyevə (10:0) tam üstünlüklə qalib gələrək növbəti bürünc medalı ölkəmizin hesabına yazıb.

A qrupunda yer alan Rahid Həmidli (125 kq) ilk görüşdə iranlı Seyidmehdi Haşemijuybariyə (0:9), növbəti qarşılaşmada isə özbəkistanlı Xasanboy Raximova (tuşe) məğlub olub. Sonuncu turda qırğızıstanlı Arslanbek Turdubekova 3:1 hesabıyla qalib gələn həmyerlimiz qrupda 3-cü yeri tutub və yarımfinala yüksələ bilməyib.

Qadın güləşi

Leyla Qurbanova (53 kq) indaneziyalı Çandra Marimara (tuşe) və türkiyəli Rəhimə Arifəyə (10:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə özbəkistanlı Aktenqe Keunimjayevadan güclü olan (6:1) Leyla titulunu qoruyub və ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Tatyana Omelçenko (62 kq) 1/4 finalda özbəkistanlı Nabira Esenbayevaya 12:2 hesabıyla qalib gəlsə də, yarımfinalda qvineyalı Kamara Yarie ilə bacarmayıb - 1:4. Millimizin üzvü indoneziyalı Herlina Xarişma Tantriyə 11:0 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.

Gözəl Zutova (72 kq) yarışa tunisli Nour Jeljeli üzərində 16:5 hesablı qələbəylə start verib. Zaqatala güləş məktəbinin yetirməsi yarımfinalda gücünü kamerunlu Ngiri Nyehə göstərib - 6:0. Finalda türkiyəli Buse Çavuşoğluya "tuşe" ilə məğlub olan Gözəl gümüş medal əldə edib.

Beləliklə, güləşçilərimiz ikinci yarış günündə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Tarix: 12 Avqust [11:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Oktyabr 2022
4  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio