Azərbaycanda məhşur olmayan skeytbordinq: "İctimai yerlərdə təhlükəli fəndlər qıcıq yaradır" - MÜSAHİBƏ

16:20 - 25 Dekabr 2022

Budəfəki layihəmiz ölkəmizdə o qədər populyar olmayan, lakin əyləncəli idman növü kimi tanınan skeytbordinqlə bağlı olacaq. Skeytbordinq skeytbordda müxtəlif fəndlər yerinə yetirməyi əhatə edən ekstremal idman növüdür. Bu idman növünə həmçinin istirahət fəaliyyəti, sənət növü, əyləncə sənayesində iş və nəqliyyat kimi də baxılır.

Skeytbordinqin yaradılma tarixi 92 il bundan əvvələ söykənir. Belə ki, 1930-cu illərin sonu və 1940-cı illərin əvvəllərində dənizdə dalğalar olmadığı zamanı sörf edə bilməyən kaliforniyalı sörfçülər çıxış yolunu bunda tapıblar. Onlar skeytlərdə ilk dəfə skeytbordinqlə məşğul olmağa başlayıb. Skeytbordlar təkərləri bərkidilmiş qutular və lövhələrdən ibarət idi. Daha sonra qutular ağacdan sıxılmış təbəqələrdən hazırlanmış lövhələrlə əvəz olunub. 

2009-cu il hesabatı göstərir ki, skeytbordinq bazarının illik gəliri 4,8 milyard ABŞ dolları həcmində qiymətləndirilir və dünyada 11,08 milyon aktiv skeytbordçu var. Dünyada yetərincə populyarlıq qazanmış bu idman növünə ölkəmizdə maraq necədir? Əslində, skeytbordinqlə Azərbaycanda da məşğul olan insanlar var. Onlardan biri də Denis Raxmanindir.



- Öncə özünüz barədə məlumat verərdiniz. Nə vaxtdan bu idman növü ilə məşğul olursunuz? 
1987-ci ildə Bakıda dünyaya gəlmişəm. Əslən Şamaxı rayonunun Xilmilinin Molokan kəndindənəm. Amma Bakıda böyümüşəm. Uşaq vaxtından skeyt sürməyə başlamışam.



- Ümumiyyətlə, skeytbordinqə marağınız necə yarandı?
- Əhmədli parkında skeytborda uşaqları gördüm, yaxınlaşıb söhbət elədik. Onlar internet vasitəsi ilə peşəkar skeytbordinq haqqında öyrənmişdi və məni də tanış etdilər. Məlum oldu ki, skeytbordda çoxlu sayda fəndlər etmək olar. Biz daha uyğun skeytbordlar aldıq və özümüzü sınamağa başladıq. Onda heç kim düşünə bilməzdi ki, biz bütün ömrümüz üçün məşğuliyyət tapmışdıq.




- Yəqin ki, başqa işlə də məşğul olursunuz? Hər halda, bu idman növü ilə məşğuliyyət sizə maddi qazanc gətirməz?
- Təbii ki, adi fəhlə ailəsindən olan mən məktəbdən işləməyə başlamışam. Bir çox sahələrdə işləməli oldum. Pedaqoji təhsil alandan sonra idman komplekslərində uşaqlara üzgüçülük öyrədirdim. Sonra isə bütün müxtəlif təcrübələr mənim öz skeyt məktəbimi yaratmaq üçün platforma rolunu oynadı. Son iki il öz təcrübəmi mənim tələbələrimə ötürürəm.



- Azərbaycanda bu idman növünün yaranması neçənci ilə təsadüf edir? Skeytbordinqin ölkəmizdəki inkişafı hansı durumdadır, maraqlananlar var?
- Bunu demək çətindir. Çünki skeytbordu biz icad etməmişik. Özümüz üçün belə qərara gəldik ki, Azərbaycanda peşəkar skeytbordinq 2002-ci ildə yaranıb. Ona görə ki, həmin vaxtı dəyişməz komanda formalaşdı və Bakı şəhərin küçələrində, parklarında aktiv şəkildə fəndlər etməyə başladıq.  Yeni gənclər bizə qoşulub sürməyə başladı. Bu gün əvvəlki illərlə müqayisədə, skeytsürənlər federasiyalarla işləyir. Bu, təkcə Qərbdə və ya qardaş Türkiyədə deyil, Qazaxıstanda, Gürcüstanda, İranda, Ermənistanda da baş verir. Milli komandalar Beynəlxalq Skeytbord Federasiyasının təşkil etdiyi mərhələlərə tez-tez çıxırlar. Qonşu ölkələr səviyyəsində sürə bildiyimiz məqam qaçırıldı, skeytbordinq indi nəhəng addımlarla inkişaf edir və təəssüf ki, biz hələ də onlayn ticarət vasitəsilə məşq eləməyə üçün keyfiyyətli inventar sifariş edirik.



- Səhv etmirəmsə, şəhərin bəzi yerlərində bu idman növü ilə məşğul olmaq üçün müəyyən parklar var. Məhz o yerlərdə yox, adi yolda həmin fəndləri edəndə sizə hər hansı problem yaranmır ki, polis əməkdaşları və ya insanlar irad tutmur?
- Bəli müəyyən yerlər var. Baxmayaraq ki, onlar mövsümi və keyfiyyətsizdirlər. Ancaq hava yaxşı olanda insanlarla dolu olur. Təbii ki, ictimai yerlərdə təhlükəli fəndlər qıcıq yaradır, skeytbordçular hələ də öz azğın davranışları ilə məşhurdurlar. Tarixən belə olub ki, skeytbordinq qeyri-rəsmi, qeyri-adi baxışları, özünü azad hiss eliyən insanları özünə cəlb edirdi.



- Ümumiyyətlə, bu idman növü üzrə yığma fəaliyyət göstərir? İndiyə qədər hansısa yarışlarda iştirak etmisiz?
- Milli komandamız yoxdur. Ancaq həyatını skeytbordsuz təsəvvür edə bilməyən dostlar var. İşimizə olan sevgimiz bizə irəliləmək, əlimizdə olan tədbirlərdə iştirak etmək üçün güc verir.



- Bəs Azərbaycan çempionatı necə, keçirilir? 
- Azərbaycan çempionatını keçirmək üçün öncə uşaqları skeytbordinq ilə tanış etmək, sonra şəhərlərdə bölmələr yaratmaq, onları avadanlıqla təmin etmək və ya heç olmasa onu əldə etmək imkanı yaratmaq lazımdır. İstedadları üzə çıxarmaq, onlara dəstək olduqdan sonra ölkə çempionatdan danışmaq mümkündür.



- Skeytbordinq federasiyası yoxdur Azərbaycanda? Bu idman növü dünyada populyardır, Azərbaycanda necə, skeytbordinqə marağı və populyarlığı necə artırmaq olar?
- Xeyr, skeytbordinq başqa bir hekayədir, hər şey artıq edilib. Bu bir virusdur. Ətrafa baxsanız, skeytbord artıq populyardır və onu dayandırmaq mümkün deyil. Sadəcə gəncləri istiqamətləndirmək, onların öz potensiallarına çatmasına imkan vermək lazımdır.



- Heç olub ki, xarici yarışlarda müəyyən gəlir əldə edəsiz? Yarışlara öz pulunuzla gedirsiz, yoxsa xərclərinizi federasiya, nazirlik və ya kimsə qarşılayır?
- Uzun illərdir ki, biz yalnız öz işimizi görürük. Başqa ölkəyə səyahət böyük mane deyil, çünki skeytbordçusunuzsa, həmişə dünyanın istənilən yerində ictimaiyyətdən kömək olacaq və biz də öz növbəmizdə bunu edirik. Elə oldu ki, skeytbordinq üzrə peşəkarlar Bakıya gəldilər, onların meneceri bizimlə əlaqə saxladı və səfəri sinxronlaşdırdı. Uşaqlar işdən çıxdılar, ölkəmizi ən parlaq rənglərdə göstərmək üçün hər şeyi təxirə saldılar, bunun sayəsində Bakı bu gün skeytbordinq haqqında dünya jurnallarının səhifəsindədir, yüksək reytinqlə dünya ekstrim video filmlərdə şəhərin kadrlar var. Komandamız digər MDB ölkələrinin komandaları kimi MFGS Fondu və şəxsən onun sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı hörmətli səfiri Polad Bülbüloğlunun sayəsində 2021 və 2022-ci illərdə "Grand Skate Tour" turnirinin iştirakçısı olmuşuq. Beynəlxalq Olimpiya Komitəsinin üzvü olan "World Skate" federasiyasının  himayəsi altında keçirilən festival gələcək inkişafımız üçün böyük stimul oldu. Fürsətdən istifadə edərək, bu əvəzsiz töhfəyə görə təşəkkür etmək istərdim.



- Bu idman növü təhlükəyə meyillidir. İndiyə qədər çox zədə almısan? Bu idman növü ilə məşğul olanların zədə almaması üçün hansı məsləhətləri verərdin?
- Skeytbord ekstremal idman növüdür və zədələr qaçılmazdır. Yeni başlayanlara verə biləcəyim yeganə məsləhət risk mövzusunda həmişə həssas olmaqdır. Tövsiyə etmək istəyirəm ki, çətinliklə üzləşən naşı skeytbordçular bu işdən əl çəkməsinlər və yaxşı nəticələr əldə etməyə davam etsinlər.  Dünyanın istənilən ölkəsində başqa bir skeytbordçuya yaxınlaşan skeytbordçular həmişə dostlar və yaxşı tanışlar tapacaqlar.


​Mirbağırağa Cəfərli       

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXVI       

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti