"San Mames"də oynamışam, bilirəm ki..." - Vəli Qasımov "Qarabağ"ın "Atletik"lə matçından danışdı

16:28 - 21 Oktyabr 2025

Azərbaycan çempionu "Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik Bilbao”nun qonağı olacaq.

Sportal.az xəbər verir ki, vaxtilə İspaniyanın "Betis” klubunun formasını geyinən tanınmış futbol veteranı Vəli Qasımov oyunla bağlı fikirlərini Fanat.az ilə bölüşüb. 

O, qitənin ən nüfuzlu klub turnirinə ardıcıl iki qələbə ilə start verən "köhlən atlar"ın Bilbaodan da uğurlu nəticə ilə dönəcəyinə inandığını deyib:

"Çox sevindirici haldır ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində Avropa nəhəngləri ilə eyni cərgədədir. Həm də uğurlu çıxışı ilə azarkeşləri sevindirir. Artıq "Qarabağ"ı bütün Avropada tanıyırlar. İspaniya mətbuatını izləyirəm, komandamızın az büdcə ilə belə uğurlu nəticə əldə etməsinə xüsusi toxunurlar. Sayt və qəzetlər "Qarabağ"ın hörmətəlayiq rəqib olduğunu vurğulayırlar. Komanda göstərdiyi oyunla bu rəğbəti qazanıb.

"Atletik" ilə oyun asan keçməyəcək. Düzdür, Bilbao komandası bu mövsüm inamlı görünmür, keçirdiyi oyunların yarıdan çoxunda xal itirib. "Qarabağ" da İspaniyadan qalib dönə bilər. Qurban Qurbanovun özünün və komandasının təcrübəsi kifayət qədərdir. Öz oyunlarını oynaya bilsələr, azarkeşləri sevindirə biləcəklər. 
Çempionlar Liqası fərqli turnirdir, burada istənilən nəticə qeydə alına bilər. "Qarabağ"a o cəhətdən asan olmayacaq ki, "Atletik"in güclü azarkeş ordusu var. "Estadio San Mames"də oynamışam, oradakı ab-havanı bilirəm. Oyun vaxtı bütün stadion ağ-qırmızı rəngdə olur, fanatlar rəqibə böyük təzyiq göstərirlər. Ancaq dediyim kimi, "Qarabağ"ın yetərincə təcrübəsi var və İspaniyada da bu təzyiq altında öz oyunlarını sərgiləyəcəklərinə inanıram. Qəşəng oyun olacağına ümid edirəm. Futbolçu karyeramı bitirəndən sonra da İspaniyada çox olmuşam. "Qarabağ"ın "Atletik"lə qarşılaşmasına görə ora getməsəm də, televizordan izləyib komandamızın oyunundan zövq alacağıma inanıram".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" görüşü sabah - 22 oktyabrda, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Xəbər xətti