Abubakar "Qəbələ"yə qarşı start heyətdə meydana çıxa bilər - ulduz futbolçunun fiziki durumu buna imkan verir

14:49 - 21 Oktyabr 2025

Mövsümə xal itkiləri ilə başlayan "Neftçi" tərəfdarları xeyli ümidlənib. Buna səbəb ulduz futbolçu Vensan Abubakarın transferidir. 

"Neftçi" bu mövsüm keçirdiyi matçların əksəriyyətində rəqiblərdən üstün oynasa da, fürsətləri qola çevirə bilməməkləri üzündən çətin durumla üzləşiblər. Gedişatı dəyişmək üçün vuran ayağa ehtiyac var. Ümid Vensan Abubakaradır. 

Hamını düşündürən əsas sual Abubakarın "Neftçi"yə hansı fiziki durumda gəlməsidir. Hava limanındakı qarşılanma görüntülərindən də futbolçunun ilk baxışdan çəki problemi yaşamadığını demək olar. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Abubakar tam hazır vəziyyətdə gəlib. Samir Abasov uyğun bilsə, növbəti tur "Qəbələ" ilə səfər oyununda start heyətdə meydana çıxa bilər. 

Vensan Abubakar axırıncı klubu "Hatayspor"da son dəfə may ayında meydana çıxsa da, o vaxtdan bu yana Kamerun millisində 6 matç keçirib. Sentyabr ayında Esvatiniyə qarşı 90 dəqiqə oynayan futbolçu, Kabe-Verdeylə matçda 79 dəqiqə meydanda olub. Bu ayın 8-də Mavritaniya, 13-də isə Anqolaya qarşı oyunlarda meydana sonradan girib. Qısası, 33 yaşlı hücumçu arxada qalan ayları millinin düşərgəsində olub, fərdi məşqçi ilə də fiziki durumunu qaydasında saxlamaq üçün çalışıb. 

Qeyd edək ki, "Neftçi" Abubakarla 2 illik müqavilə bağlayıb. 

Xəbər xətti