Ernesto Valverde: "Qarşımızda ciddi rəqib var, amma məqsədimiz üç xal qazanmaqdır"

17:26 - 21 Oktyabr 2025

"Atletik" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində doğma meydanda "Qarabağ"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki,  Bilbao təmsilçisinin baş məşqçisi Ernesto Valverde matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Atletik"in "Qaraabağ"a 9 qol vuracağını dediyiniz iddia olunur. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Bu, mənə verilən ən yaxşı suallardan biridir, cavab vermək istəyirəm. Təsəvvür edin, hansısa məşqçi futbolçularına belə bir söz deyərdi? Kim öz ölkəsində mənim bunu dediyimi iddia edirsə, bu, cəfəngiyyatdır. "Qarabağ" hazırda turnir cədvəlində bizdən yuxarıdadır və bunu öz oyunu ilə qazanıb. Biz isə təvazökar olmalıyıq.

- Üç gün əvvəl La Liqa matçına çıxmısız. Komandada yorğunluq var?

- "Qarabağ" cümə günü oynayıb. Onlar adətən oyunların sıxlığına görə heyətdə bir neçə dəyişiklik edirlər. Amma son matçda meydana kifayət qədər tanış heyətlə çıxmışdılar. Üç gün aralıqla oynamaq bizim üçün çətinlikdir, üstəlik, üç gün sonra yenə oyun var.

- Sabahkı matçda hədəfiniz nədir?

- Qələbə qazanmasaq, vəziyyət bir qədər mürəkkəbləşəcək. Oyun başlamadan hesablama aparmaq lazım deyil. Qarşımızda ciddi rəqib var, amma məqsədimiz üç xal qazanmaqdır. Onlara böyük hörmətlə yanaşırıq, çünki güclərini bilirik. Diqqətimiz qarşıdakı oyundadır.

“Qarabağ”ın oyun üslubu haqda nə deyə bilərsiniz?

- Onlar rahat oynayırlar, xüsusilə orta sahədə və hücumda keyfiyyətli futbolçuları var. Komandada çoxlu legioner çıxış edir. Yarımmüdafiədən hücuma yaxşı şəkildə çıxırlar.

- Komandaya mesajı vermiris?

- Biz həmişə eyni mesajı veririk. Oyuna fokuslanmaq, topla və topsuz yaxşı oynamaq və diqqətli olmaq lazımdır. Hücumda və müdafiədə ən yaxşı oynayan komanda daha çox qələbə qazanır. Bunu öz xeyrimizə çevirməyə çalışmalıyıq. Hər iki istiqamətdə ən yaxşı oyunumuzu göstərmək və bunun nəticəsində müsbət nəticə əldə etmək istəyirik.

- Hər iki oyunda məğlub olmusuz. Komandanın motivasiyası necədir?

- Çempionlar Liqasında oynamaq çətindir. Burada Avropanın ən güclü komandaları ilə qarşılaşırsan. Bu, sanki hər həftə "Real", "Barselona" və ya "Atletiko"ya qarşı oynamaq kimidir. Çətindir? Bəli, amma bizi təəccübləndirmir. Bu, motivasiyadır və biz xal qazanmaq istəyirik.

Xəbər xətti