Budəfəki layihəmizin qəhrəmanı İsveçdə yaşayan Rzayev Yəhyadır. 2014-cü ildə Göteborq şəhərində dünyaya gələn həmyerlimiz "Guldedens" klubunun üzvüdür. Yəhyanın anası İnara Səfərova oğlunun futboldakı ilk addımlarından danışıb. 12 ildir ki, İsveçdə yaşayan İnara oğlunun arzularına çatması üçün səfərbər olub.
- Neçə ildir ki, İsveçdə yaşayırsız. Ora gedişiniz necə baş tutub?
- 12 ildir ki, İsveçin Göteborq şəhərində yaşayırıq. Bura gəlişimiz tam təsadüfi olub. Sonradan burada yaşamaq qərarına gəldik.
- İsveçdə bir çox idman növləri inkişaf edib. Maraqlıdır, niyə məhz futbolu seçdiniz? Oğlunuz seçim etdi, yoxsa siz özünüz istədiniz ki, futbolla məşğul olsun?
- Bəli, İsveçdə bir çox idman növləri var. Amma Yəhyanın daha kiçik vaxtından topa və futbola olan marağı onun məhz bu idman növünü seçməsinə səbəb oldu. Ana olaraq oğlumu futbolçu kimi görmək arzum idi. Yəhyadan hansı idman növunü seçəcəyini soruşduqda futbolu dedi. Yəni bu, onun öz seçimidir.
- İsveçdə futbol müəllimlərinin uşaqlara olan münasibəti necədir? Məşqçilər daha çox hansı yöndə hazırlıqlara üstünlük verir?
- İsveçdə futbol müəllimlərinin uşaqlara olan münasibəti çox gözəldir. Məşqçilər uşaqlarla təmkinlə davranır və hər uşağın dilində danışmağa çalışırlar. İsveçdə ən çox fiziki hazırlıqlara üstünlük verilir.
- Azərbaycanda əsas problem futbolçuların təhsillə idmanı eyni anda davam etdirə bilməməsidir. Sizcə, oğlunuz İsveçdə həm futbolla məşğul olub, həm də təhsilli ola biləcək?
- Təbii ki, futbolla təhsili eyni anda davam etdirmək çətin olacaq. Amma Yəhyanın bunu bacaracağına inanıram.
- Yəqin ki, oğlunuzu şəhərin ən tanınmış klubu olan "Göteborq"da görmək istəyirsiz?
- Əlbəttə ki, Yəhyanı gələcəkdə “Göteborg” klubunda görmək istərdim.
- "Guldedens"dəki məşğələlər üçün nə qədər ödəniş edirsiz? Məşqçilərin hamısı isveçlidir?
- “Guldedens”dəki məşğələlər üçün illik ödəniş 3000 krondur (500 AZN). Klubda 6 məşqçimiz var. 4-ü isveçlidir, 2 məşqçimiz isə gəlmədir.
- Oğlunuz İsveç dilində danışa bilir? Hansısa çətinlik yaranmırki?
- Yəhya İsveç və ingilis dillərində danışır. Məşqçilər də İsveç və ingilis dillərində danışdıqları üçün heç bir çətinlik yaranmır.
- Gələcəkdə İsveç və Azərbaycan yığmaları arasında seçim etməli olsa, siz hansına üstünlük verməsini istəyəcəksiz? Yoxsa qərarı oğlunuza buraxacaqsız?
- Qərarı oğluma buraxacağam. Bu yaxınlarda bu sualı ona verdiyimdə təbii ki, seçimim Azərbaycan olacaq dedi.
- Oğlunuz hansı klublara azarkeşlik edir?
- Yəhyanın oynamaq istədiyi və azarkeşlik etdiyi klub “Qarabağ”dır. İdealı isə Mahir Emreli, Kriştiano Ronaldo və Zlatan İbrahimoviçdir.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XVII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi