Dünya çempionatı: 2 boksçumuz 1/8 finalda

21:19 - 4 May 2023

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Yığma üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək.

Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundial mayın 14-də bitəcək.

Xəbər xətti