Millimizin baş məşqçisi: "Seçmə mərhələyə uğurla başlamaq istəyirik"

09:19 - 15 Sentyabr 2023

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq Azərbaycan millisi dünən matçöncəsi son hazırlığını keçirib. Sportal.az xəbər verir ki, təxminən 1 saat davam edən məşq zamanı taktiki planda çalışan futzalçılar standart vəziyyətlərin icrasına da vaxt ayırıb. Məşqdən sonra millimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a komandanın son durumu haqda açıqlama verib:

"Son iki məşqimizi Rumıniyada keçirdik. Çox şükür, heyətimizdə zədəli futzalçı yoxdur. Komandanın durumu yaxşıdır. Oyunçular matça hazırdırlar. Taktiki planda müəyyən çalışmalar yerinə yetirdik. Videobaxış oldu və rəqiblə bağlı lazımi məlumatları oyunçuların diqqətinə çatdırdıq. Müdafiədə necə oynamalıyıq, pressinq zamanı hansı işləri görməliyik, hücumda nə etməliyik və s. Qalır verilən tapşırıqları icra etmək. Uşaqlara inanıram, onların üzərlərinə düşən işi görəcəklərinə əminəm. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Buradan qələbə ilə ayrılmaq, seçmə mərhələyə uğurla başlamaq istəyirik".

Xəbər xətti