U-21 yığmamızın futbolçusu: "Baş məşqçimizə dedim ki, hələ gücüm var idi, oynaya bilərdim" - MÜSAHİBƏ

15:23 - 24 Mart 2024

Azərbaycanın U-21 yığma komandasının üzvü Camal Cəfərov Sportal.az saytına müsahibə verib.

- İngiltərə ilə matçdan sonra yəqin ki, videotəkrara baxmısınız. Səncə, niyə həmin matçda xal qazana bilmədiniz, nə mane oldu?

- Düzü, matç mənim üçün o qədər də yaxşı alınmadı. Çünki qol vurmaq üçün epizodlarım var idi. Lakin təəssüf ki, onlardan yararlana bilmədim. Bu da mənim üçün üzücüdür. Həmin epizodlarda qol vuraraq yığma komandaya kömək olmaq istəyərdim. Çox sadə qollar buraxdıq. Bu cür səviyyədə olan rəqiblərə qarşı daha diqqətli oynamaq lazımdır. Özümüz də çox təəssüflənirik.

- "Çelsi"nin futbolçusu Noni Madueke, "Liverpul"un ulduzu Harvi Elliota qarşı oynamaq çox çətin idi? Həyəcan, gərginlik hiss edirdiz?

- Deməzdim ki, İngiltərəyə qarşı oynamaq olduqca çətin idi. Heç birimizdə gərginlik hiss edilmirdi. Şəxsən məndə belə bir hiss yox idi. Mən İngiltərə kimi yaxşı komanda ilə oyundan sadəcə həzz almaq istəyirdim.

- Matçın ikinci hissəsində İngiltərənin qapısına təhlükəli zərbə endirdin ki, o da demək olar qola qədər əsas qol epizodumuz idi...

- Doğrudur, yaxşı epizod idi. Var gücümlə zərbə vurmuşdum. Sadəcə epizodu reallaşdırmaqda çatışmazlıq yaşandı. Təəssüf ki, həmin epizod qolla nəticələnmədi.

- Əvəzləndikdən sonra baş məşqçi ilə ayaqüstü qısa dialoqunuz oldu. Nə haqda danışırdız?

- Baş məşqçinin verdiyi qərarlara hörmətlə yanaşıram. O, komandamızın baş məşqçisidir. Sadəcə dedim ki, hələ gücüm var idi, oynaya bilərdim. Lakin dediyim kimi, baş məşqçimizin qərarına hörmətlə yanaşıram.

- İki gündən sonra isə Ukraynanın U-21 yığmasının qarşısına çıxacaqsınız. Həmin oyun haqda fikrin necədir? Səncə, qrup lideri ilə görüşdə xal qazana biləcəksiz?

- Ukrayna yığması çox yaxşı komandadır. Mən deyərdim ki, İngiltərə ilə eyni səviyyədə olan kollektivdir. Hazırlıqlarımızı davam etdiririk. Oyuna qədər yenə vaxtımız var. Çalışacağıq ki, meydanda məşqçilər korpusunun tapşırıqlarını yerinə yetirək. 

- İlk görüşdə İspaniyada Ukraynaya 0:1 hesabı ilə uduzmuşdunuz. Həmin oyunu necə xatırlayırsan?

-Bəli, Ukraynaya qarşı ilk oyunumuzu çox yaxşı xatırlayıram. Həmin görüşdə intizamlı şəkildə oynamışdıq. Ukrayna yığmasına çox zona verməmişdik. Amma təəssüflər olsun ki, penaltidən qol buraxaraq uduzmuşduq. Bu dəfə isə daha yaxşısını etməyə çalışacağıq.

Mirbağırağa

Xəbər xətti