AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

21:36 - 12 İyul 2024

12 iyul 2024-cü il tarixində AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib. İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA Hakimlər Komitəsi ilə bağlı məsələlər, hakimlik sahəsindəki çatışmazlıqlar, problemlər müzakirə edilib. Bu xüsusda Hakimlər Komitəsinin kodeksinin hazırlanması tapşırılıb (intizam qaydaları, cəzaların müəyyənləşdirilməsi və s.). Eyni zamanda, Hakimlər Komitəsinin sədri ilə bağlı müzakirələr aparılıb. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Daha sonra futzal üzrə milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Vitali Borisovun müqaviləsi daha 1 il müddətinə uzadılıb.

Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi isə Sahib Məmmədov təyin olunub. Onunla müqavilənin müddəti 1 il nəzərdə tutulub.

İcraiyyə Komitəsi I və II Liqadakı mövcud vəziyyəti də müzakirə edib. “İrəvan” FK-nın bir neçə futbolçusunun danışılmış oyunlarda iştirakı etməsi, eləcə də, maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən klub AFFA bayrağı altında keçirilən  yarışlardan kənarlaşdırılıb. AFFA bu cür neqativ hallara qarşı ciddi mübarizəsini bundan sonra da davam etdirəcək.

İcraiyyə Komitəsinin iclasında AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsü müzakirə olunub. Meyarlar bölgüsündə baş verən dəyişikliklərlə bağlı klublara məlumat verilməsi qərara alınıb.

AFFA-nın inkişaf strategiyasının yazılması ilə bağlı görülən işlərlə əlaqədar məlumat verilib, İcraiyyə Komitəsi üzvlərinin fikirləri dinlənilib. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovun strategiyanın hazırlanması üzrə layihə rəhbəri təyin olunması barədə qərar qəbul olunub.

Xəbər xətti