"Qarabağ"ın avrokuboklarda dominant futbol oynayaraq nəticə qazana biləcəyi inandırıcı deyil" - futbolçuların səviyyəsi buna uyğun gəlmir

10:51 - 30 Yanvar 2025

Bu avrokubok mövsümünü birmənalı şəkildə "Qarabağ" üçün uğursuz saymaq olar - 7 oyun, cəmi 1 qələbə, 6 məğlubiyyət... Problemlərin nədən qaynaqlandığını araşdırmalı olsaq, səbəblər çoxdur. Qapıçıların inamsız çıxışı, müdafiə davranışındakı kobud səhvlər, hücumda qol epizodlarının qaçırılması, yeni gələn futbolçuların sistemə uyğunlaşa bilməməsi və s. 

Uğursuzluqlara rəğmən, "Qarabağ"ın bu mövsüm rəqibləri ilə açıq futbol sərgiləməsi, dominant futbola üstünlük verməsi də qeyd olunmalıdır. Sportal.az saytına açıqlama verən futbol eksperti Aslan Kərimov əsas problemlərin məhz bundan qaynaqlandığını düşünür: 

"Dominant futbol oynamaq yaxşıdır. Amma gəlin baxaq, bu futbolla nəticə qazanan klublar hansılar olub - "Bavariya", "Mançester Siti", "Barselona", PSJ və digər böyük klublar. Lakin bu komandaların heyətində demək olar ki, hər mövqedə dünya səviyyəli futbolçular yer alır. 

Dominant futbolun öz tələbləri var. Məsələn, topu itirdikdən sonra qısa zaman kəsiyində geri almaq, rəqibə əks-hücumda yaxalananda birəbir müdafiə olunmaq bacarığı və s. Bunun üçün məşqçinin əlinin altında yüksək səviyyəli futbolçular olmalıdır. 

Bizim üçün indiki "Atalanta", Avropa Liqasında finala çıxan "Dnepr", o vaxtlar UEFA kubokunu qazanan "Qalatasaray" kimi komandalar daha məqbul nümunələr sayılmalıdır. Bu tip komandalar dominant da oynayıb, lazım gələndə müdafiədə oturub əks-hücumlara da üstünlük veriblər nəticə qazanmaq üçün.  

"Qarabağ" dominant futbolla Rumıniya, İsveç klublarına qalib gələ bilər, amma daha böyük nəticələr əldə etmək üçün hərtərəfli futbol oynamaq lazımdır. Bu futbolçularla "Qarabağ"ın dominant oynayaraq nəticə qazana biləcəyi inandırıcı deyil. Futbolçuların səviyyəsi buna imkan vermir"

Xəbər xətti