"Kəpəz"in qapıçısından məğlubiyyət haqda səmimi etiraf: "Ədalətli nəticə idi" - MÜSAHİBƏ

11:22 - 30 Aprel 2025

"Kəpəz"in qapıçısı Rojerio Santos Sportal.az saytına müsahibə verib.

- “Kəpəz" son turda "Zirə"yə uduzdu. Maraqlıdır ki, 2025-ci ildə evdə "Kəpəz" uduzmamışdı. Hətta "Qarabağ"la bərabərə qalmışdınız. "Zirə" ilə matçda nə baş verdi?

- “Zirə” çox yaxşı dövrünü keçirir. Onlar bizdən daha yaxşı idi. Biz oyunda qol vurmaq imkanı yarada bilmədik. Belədə, fikrimcə ədalətli nəticə qeydə alındı. 

- Yəqin ki, "Zirə"yə məğlub olduqdan sonra "Səbail" - "Araz-Naxçıvan" görüşünü həyəcanla izlədiniz? Çünki "Səbail" qələbə qazansaydı, "Kəpəz"lə xal fərqi 5 olacaqdı...

- Düzünü desəm, oyuna baxmamışam. Ona görə də bir fikir bildirə bilməyəcəm.

- Növbəti turda rəqibiniz "Neftçi"dir. Onlara kubok matçında məğlub olmusunuz. Bu görüşə revanş kimi baxırsınız? "Neftçi" üçün avrokubok mübarizəsi də başa çatıb. Onların əsəbi olacağını düşünürsən?

- Bütün oyunlar fərqlidir. Doğrudur, kubokda onlara uduzmuşduq. Amma çempionatda artıq iki oyunda qalib gəlmişik. Bu dəfə də qələbə üçün oynayacağıq. 

- Növbəti turda "Kəpəz" Premyer Liqada qala bilər. Yəni, bunu rəsmiləşdirməyiniz mümkündür. “Kəpəz" "Neftçi"ni məğlub etsə, "Səbail" də "Şamaxı"ya uduzarsa bu sezon yüksək liqada qalacaqsız. Səncə, bu, qarşıdakı turda baş verəcək?

- Düzünü deyim, biz sadəcə öz oyunumuzla maraqlanırıq. Təbii ki, biz qələbə qazanmalıyıq. Bunun üçün də çalışırıq. Əhəmiyyətli olan yalnız özümüzük. İndidən hazırlaşırıq. Çalışacağıq ki, qalib gələk.

- Yeni mövsüm yeni sponsorun gəlişi ilə "Kəpəz"in daha iddialı olacağı gözlənilir. Yeni stadionunuz da istifadəyə veriləcək. Komanda avrokuboklar uğrunda mübarizə apararsa, daha iddialı olarsa, "Kəpəz"də qalmaq istəyərsən?

- Mən sadəcə olaraq diqqətimi bu mövsümdəki çıxışımıza fokuslanmışam. Çox istəyirəm ki, “Kəpəz” Premyer Liqada qalsın. Hazırda gələcək əhəmiyyət daşımır. Bizə indiki gün vacibdir. Gələcəkdə isə nələrin necə olacağını görəcəyik.

- Bu tur "Qarabağ" çempionluğunu rəsmiləşdirdi. Sənin üçün yəqin ki, gözlənilməz olmadı. Ümumiyyətlə, "Qarabağ" haqda hansı fikirdəsən? Səncə, onlar niyə bu qədər güclüdür?

- Hamı bilir ki, “Qarabağ” Premyer Liqanın ən güclü komandasıdır. Onların əla oyunçuları var. Həm də maddi cəhətdən digər komandalardan daha yaxşı vəziyyətdədirlər. Həqiqətən onlara qarşı oynamaq da asan deyil.

Mirbağırağa
 

Xəbər xətti