Son oyunda "Zirə" üzərində qazanılan qələbə sayəsində "Şamaxı" xallarının sayını 20-ə çatdırıb. Əslində, Ayxan Abbasovun komandası ilk dövrənin matçında da "Zirə"ni məğlub eləməyə yaxın idi. Həmin oyunun sonlarında buraxılan qollarla uduzmuşdular. "Sumqayıt"la ev görüşündə də oxşar məğlubiyyət yaşanmışdı.
Lakin 15 oyunun nəticəsinə görə dəyərləndirsək, "Şamaxı" çox yaxşı mövsüm keçirir. "Qarabağ", "Sabah" kimi komandalardan xal qoparan "Şamaxı" 7-ci pillədə qərarlaşıb. Gələn tur "Araz Naxçıvan"ı məğlub etsələr, avrokubok zonasına bir qədər də yaxınlaşacaqlar.
"Şamaxı" ilə bağlı vacib məqam yığdığı xallar yox, göstərdikləri oyundur. Ayxan Abbasovun kollektivi Premyer Liqanın ən möhkəm komandalarından biri sayılır. "Şamaxı"ya qarşı oyunlar rəqiblər üçün çətin sınağa çevrilir. Demək olar hamı Ayxan Abbasovun komandası ilə oyunda ciddi müqavimətlə üzləşir.
Ayxan Abbasova "Şamaxı"nın avrokubok şansları ilə bağlı sual verilib. Mütəxəssis özü bu iddiaya o qədər də isti yanaşmayıb. Bunun üçün daha geniş heyətə ehtiyac olduğunu bildirib. Həqiqətən də belə kasad heyətlə sona qədər bu mübarizənin içində qalmaq çətindir. Amma dünya futbolunda dönəm-dönəm kiçik komandaların boyundan yuxarı tullanmasına şahidlik eləməşik. "Şamaxı" da sürpriz edə bilər.
Həmid
saytlarin hazirlanmasi
