“Vilyarreal”ın nümayəndələri “Sabahın Ulduzları”nda - FOTOLAR

14:55 - 8 Avqust 2026

Bakı Futbol Federasiyasının (BFF) tərəfdaşı olan “QOLAT Sport Service”in təşəbbüsü ilə İspaniyanın “Vilyareal” komandasının nümayəndələri Bakıda “Vilyarreal CF Camp Baku” adlı layihəsini təqdim edəcək.

Sportal.az xəbər verir ki, bu təşəbbüs AFFA və Bakı Futbol Federasiyası tərəfindən müsbət qarşılanıb, həmçinin layihəyə dəstək göstərilməsi barədə razılıq əldə olunub və onlar üçün Bayıl stadionunda bütün şərait yaradılıb.

7-9 avqust tarixlərini əhatə edən layihədə U-8–U-18 yaş kateqoriyaları üzrə 40-45 futbolçunun iştirakı nəzərdə tutulur. 

Əldə olunmuş razılığa görə, Bakı Futbol Federasiyasının tövsiyəsi ilə “Sabahın Ulduzları” yarışlarında iştirak edən U-15 çempionatından ölkəmizdə keçiriləcək Dünya Çempionatı və Festivalına namizəd 10 istedadlı gənc futbolçunun “Vilyarreal CF Camp Baku” layihəsində tam ödənişsiz iştirakı təmin ediləcək.

Layihənin sonunda 40-45 futbolçu arasından seçiləcək ən yaxşı futbolçu “Vilyarreal” CF tərəfindən təşkil olunacaq beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaq. Seçilmiş futbolçunun səfər və iştirakla bağlı bütün xərcləri təşkilatçılar və İspaniya təmsilçisi tərəfindən qarşılanacaq.

Layihə çərçivəsində 9 avqust tarixində yerli məşqçilər üçün ödənişsiz seminar təşkil olunacaq. Seminarda “Vilyarreal” CF Akademiyasının məşq metodologiyası, oyunçu inkişaf modeli və akademiya sistemi təqdim ediləcək. Həmçinin, UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos tərəfindən İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və oyunçu inkişafı istiqamətində beynəlxalq təcrübələr haqqında məlumat veriləcək.
Onu da qeyd edək ki, “Vilyarreal” CF nümayəndələrinin Bayıl stadionunda görüşü keçirilib. Görüşdə “Sabahın Ulduzları”nın baş sponsoru “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, “Qolat”ın rəhbəri Səid Bağırov və BFF-nin prezidenti Tahir Süleymanov iştirak edib. Daha sonra seçim məşqlərinə start verilib və qonaqlar “Sabahın Ulduzları” layihəsi çərçivəsində keçirilən “Zirə” – “Vətən” oyununu izləyiblər.


Xəbər xətti