İdman teleşərhçilərimizin problemi YAZI

12:43 - 2 May 2014

Onu qorumaq kimlər üçün nə müqəddəs borc, nə də şərəfli işdir?
 
İstənilən fəaliyyət sahəsində uğurla çatışmazlıq yanaşı addımlayır. Yaxşı və ürəkaçan nə varsa, öz yerində, lakin yaxşının daha yaxşı olması üçün nöqsan və qüsurları vaxtında aşkarlamaq, onların aradan qaldırılması istiqamətində lazımi işlər görülməsi çox vacibdir. İdman jurnalistikamızda sevindirici nümunələr var, amma çatışmazlıqlar və narahatlıq doğuran məqamlar da yox deyil.

Özünü bu sahədə tapan gənclər, ilk növbədə, sözün məna çalarına diqqət yetirməli, fəaliyyətlərini tələbkar və səviyyəli ünvana yönəltməlidirlər. Bəzən oxuyuruq: “Filan idman növü üzrə dünya (yaxud Avropa) çempionatında, Olimpiya oyunlarında bu qədər idmançı qüvvəsini sınayır”. Halbuki, dünya, Avropa çempionatları, olimpiadalar qüvvənin sınandığı yox, nümayiş etdirildiyi yarışlardır. İdmançı qüvvəsini beynəlxalq turnirlərdə, yoldaşlıq görüşləri, xatirə yarışlarında sınayar, nəyə qadir olduğunu müəyyənləşdirər.

Son vaxtlar yorulmadan işlədilən bir ifadə var – “baş tutdu”. Yazırıq, yaxud deyirik ki, “bu gün üç oyun baş tutdu və tura sabah baş tutacaq iki oyunla yekun vurulacaq”. “Baş tutdu” ifadəsi hansı hallarda işlənə bilər və işlədilməlidir? Əgər söhbət müəyyən səbəb üzündən təxirə salınmış oyunun keçirilməsindən gedirsə, onda təbii ki, “filan oyun baş tutdu” deyilməlidir və fikrin ən düzgün ifadəsi də budur.
Etik normalara da sonadək riayət olunmur: qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu barədə demək olar ki, yalnız “qovuldu” ifadəsindən istifadə edilir. Ancaq dilimizdə “qovuldu” ifadəsinin yumşaq qarşılığı olan xeyli söz var və onları işlətməklə həm Ana dilimizin gözəlliyini qoruyar, həm də xələl gətirmərik. Eyni sözlər “soyunub-geyinmə otağı” ifadəsinə də aiddir, “paltardəyişmə otağı” daha etik və gözəl səslənmirmi?

Azərbaycanda ilk idman telereportajından 50 ildən çox keçir. Əksəriyyətin fikrincə, bizdə nəsillərə nümunə, örnək göstəriləsi diktorluq məktəbi, bənzərsiz qiraət ustaları olsa da, idman şərhçilik məktəbi yoxdur və ya formalaşmayıb.
Rafiq Hüseyn, Ofelya Sənani, Qara Tağızadə, Roza Tağıyeva, Sabir Hüseynov, Eldost Bayramlı, Əli Məmmədov kimi diktorların, Soltan Nəcəfov, Aydın Qaradağlı, Əminə Yusifqızı, Əli Zeynalov, onların layqili davamçıları Azad Şükürov, İlham Əsgərov kimi qiraət ustalarının gözəl səs tembrləri, son dərəcə ürəyəyatımlı, bal kimi şirin danışıq tərzləri, malik olduqları yüksək nitq mədəniyyəti böyük məktəbdir. 1957-ci ildə Valid Sənani ilə başlayan və ondan sonrakı idman şərhçiləri də, ən azı, həmin prinsiplərə sadiq qalmağa çalışıblar. Ona görə “Azərbaycanda idman şərhçilik məktəbi yoxdur” fikri ilə qətiyyən razılaşmaq olmur.

Sovet dönəmində bir şərhçi il ərzində 10-15 oyun şərh edirdi. Amma indi vəziyyət köklü şəkildə dəyişib, həm də təkcə kəmiyyət baxımından yox. Futbol üzrə dünya çempionatında 64 oyun keçirilir. Bu o deməkdir ki, turniri yayımlayan telekanalın şərhçiləri qısa müddətdə, təxminən bir ay ərzində, 14-15 oyun şərh edir.

Yay, qış Olimpiya oyunlarında 20-dən çox idman növündən reportajlar hazırlanır və bir şərhçi 5-6, bəzən daha çox müxtəlif idman yarışını şərh etmək məcburiyyətində qalır.

Ümumiyyətlə, şərhçilərin işi həmişə çətin və məsuliyyətli olub. Axı, gələcəkdə idman şərhçisi olacaq kiçik yaşlılarda şərhçilik barədə təsəvvür məhz ilk eşitdiklərinin əsasında yaranır. Bu mənada, özünə şərhçi deyən hər kəs bu məsuliyyəti dərk etməli, yanlış təsəvvürün yaranmasına yol açmamalıdır.

Şərhçi deyəndə ilk olaraq yada futbol düşür və şərhçilərə də qiymət daha çox futbol şərhlərinə görə verilir. Bu səbəbdən, nümunələrin futboldan gətirilməsi təbii qarşılanmalıdır. Ən çox narahatlıq doğuran məsələ şərhçilərimizin peşəsinin vurğunu olmamasıdır. Zərurətdən şərhçilik etmək, zorən musiqiçi, şair və ya aktyor olmaq kimi bir şeydir, o halda heç vaxt əsl ürək çırpıntısı eşidilməyəcək.
Müasir şərhçilikdə təkrarçılıq həddən ziyadədir: təsəvvür edin, oyun zamanı top hər hissədə, orta hesabla, 15-20 dəfə yan xətdən meydandan çıxır və şərhçi də ciddi önəm kəsb etməyən bu məqamı hər dəfə tamaşaçıya çatdırır. Bir şərh zamanı 30-40 dəfə eyni cümləni eşidən tamaşaçı, əlbəttə, bezəcək. Bu azmış kimi, “aut atışı” kimi uğursuz ifadəni dilimizə gətirmək böyük qəbahətdir. “İrəli ötürür”, “geri ötürür”, “qapıya zərbə” əvəzinə, “irəliyə doğru ötürmə”, “geriyə doğru ötürmə”, “qapıya doğru zərbə” işlədirik. “Yarış” sözünü də unudub, “yarışma” deyir, bəziləri isə bir az da irəli gedib “yarışmaçı” kimi əcaib ifadələrlə Ana dilimizi korlayır.

Tirlə dirəyi fərqləndirə bilməmək bir yana, top onlara dəyəndə, “qapı dirəyi (tiri) komandanı qoldan xilas etdi” və ya “penaltidən maksimum yararlandı” kimi ifadələri işlədənlər, bəzi şərhçilərin sözü olmasın, “belə epizodlarda diqqətli olmalıdırlar”. Azacıq məntiq kifayətdir anlayasan ki, hərəkətsiz, cansız əşya kiminsə köməyinə çata bilməz, yaxud, “penaltidən maksimum yararlandı” deyənlər izah etsinlər görək, onbirmetrlikdən minimum yararlanmaq necə olur?!

Nəticədə şərhçilər tənqid ünvanına çevrilirlər. Hərçənd ki, tənqidlərin özü də çox vaxt əsassız, qeyri-peşəkar, əcaib şəkildə olur və onun ümumi işə xeyir verməsi mümkün deyil. Elmi dərəcəsi olan bir müəllif şərhçiləri tənqid edərkən görün nə və necə yazır: “HEÇ BİR telekanalda adi jurnalistika etikasını bilən HEÇ BİR şərhçi yoxdur” və ya “Yəqin diqqətli OLAN oxucu sadaladığım əlamətlərin konkret OLARAQ kimə aid OLDUĞUNU bildi”.

Azərbaycanda idman şərhçiliyinin bünövrəsi sovet illərində qoyulduğundan, Rusiya şərhçilərinin dəst-xətti özünü bu və ya digər şəkildə göstərir. Şərhlər zamanı işlədilən xeyli ifadə var ki, sırf ruslardan tərcümə ilə leksikona daxil olub, vətəndaşlıq hüququ qazanıb. Ancaq hansı proseslərdən sonra? Həmin ifadələrin Azərbaycan dilinin leksik tələblərinə uyğun tərcüməsi ön plana çəkilib, sözün qarşılığının ən uğurlu variantı üzərində dilçilər işləyib, rəylərini bildirib, məhz onların tövsiyə və məsləhətlərinə önəm verilib və yalnız bundan sonra mətbuata, televiziya və radioya yol tapıb.

Müstəqillik illərində Azərbaycan tamaşaçısı Türkiyə şərhçilərini də eşitməyə başladı və onların emosional, şən, sürətli danışıq tərzi, istər-istəməz, milli şərhçilikdə yeni istiqamətlər müəyyənləşdirdi. Təəssüf ki, bu müsbət cəhətlərlə yanaşı, dilimizə “topun arxasında”, “topun başında”, elə həmin “aut atışı”, “yerdə qaldı”, “aut əl dəyişdirir” kimi oxucunun, tamaşaçının qəbul etmədiyi, heç vaxt da qəbul etməyəcəyi deyimlər gəldi.

Maraqlı vəziyyət yarandı və ortaya günü bu gündə davam edən sual çıxdı – hansı yaxşıdır, daha çox təhlil üzərində qurulan Rusiya şərhçiliyi, yoxsa, daha çox təsvir üzərində qurulan Türkiyə şərhçiliyi? Müşahidələrimə əsasən deyə bilərəm ki, əksəriyyət ruslarda türklərin emosionallığını, türklərdə isə rusların təhlilini arzulayır. Deməli, şərhlərdə təhlil də olmalıdır, təsvir də və şərhçilərimiz bu amili nəzərə alıb qızıl məxrəci tapmalıdır.

Elə sözlər var ki, tamaşaçı onun orijinal variantını qəbul edir, məsələn, “qol”, “aut” və sair, ancaq “ofsayd”, “korner” kimi deyimlərdən əsəbiləşir. Ona görə şərhçi gərək heç vaxt unutmasın ki, hər şey tamaşaçı üçündür, ilk növbədə, məhz onun marağı nəzərə alınmalı, əsas götürülməlidir.

Şərhçilərimizin fikri ifadə zamanı yersiz olaraq mürəkkəb fellərdən istifadə etməsi da ciddi qüsurlardandır. Ən sadə və adi oyun epizodunda qapıçının topu tutması tamaşaçıya “qapıçı topu tuta bildi”, “müdafiəçi zərbənin qarşısını kəsə bildi”, “topu vurub meydandan çıxarmağa nail oldu” şəklində çatdırılır. Bu, şərhçinin fel tərkiblərinin nə demək olduğunu bilməməsindən, ya da fikri hadisəyə uyğun ifadə etmək bacarıqsızlığından irəli gəlir.

“Ana dili” ifadəsi təsadüfən meydana gəlməyib. “Dil” kəlməsinin önündə “Ana” yazılması elə dilin müqəddəsliyinin göstəricisidir. Yəni, ana nə dərəcədə əziz və müqəddəsdirsə, əbədi əmanət sayılan dil də o qədər əziz və müqəddəs tutulmalıdır. Təəssüf ki, əbədi əmanəti qorumaq bir çoxları üçün nə ən müqəddəs borc, nə də ən şərəfli işdir...

Sizinlə həmsöhbət mən idim...

Rövşən BİNNƏTLİ (qol.az)

Xəbər xətti