Əfran İsmayılov: "İnter"ə Sxadadzeyə görə keçdim" MÜSAHİBƏ

16:10 - 2 Yanvar 2015

"Xəzər Lənkəran"dan ayrılmağım oyunuma  təsir etməyəcək"

 

Bakının “İnter” klubunun yeni transferi Əfran İsmayılovun müsahibəsi

 

- Əvvəlcə “İnter”ə keçidindən başlayaq. Bu komandanı seçməyinin səbəbi nə oldu?

- Bildiyiniz kimi, “Xəzər Lənkəran” rəhbərliyi komandanı gəncləşdirməyi düşündü. Bunu da əsas gətirərək mənimlə birlikdə əksər futbolçularla yolları ayırdılar. Dərhal “İnter”dən mənə təklif gəldi. Mən isə digər təklifləri də götür-qoy etdikdən sonra gördüm ki, “İnter”də oynamağım daha məqsədəuyğun olar. Ona görə də mövsümün sonuna qədər müqavilə imzaladım.

 

- Əvvəlki müsahibəndə ölkə xaricində oynamaq istədiyini bildirmişdin. Türkiyə klublarının şərtləri səni qane etmədi?

- Səbəbi tək şərtlərlə bağlı olmadı. Qış transfer dövründə xarici ölkəyə üz tutmaq istəmədim. “İnter” variantı hələ ki, məni qane edir. Yayda “İnter”lə müqaviləm başa çatacaq. O zaman yenidən Türkiyədə oynamaq variantını düşünəcəm.

 

- Yeni komandan “İnter” haqda nə deyə bilərsən?

- Komanda haqda danışanda ilk növbədə onun baş məşqçisi yada düşür. “İnter”i Kaxaber Sxadadze kimi bir mütəxəssis çalışdırır. O, Azərbaycanda sözünü demiş məşqçidir. Bunun nəticəsidir ki, Gürcüstan millisinin baş məşqçisi təyin olundu. Bildiyiniz kimi, “İnter” hər zamankı kimi bu mövsüm də çempionluğu qarşısına məqsəd qoyub. Hazırda komandamız ikinci pillədədir. Məhz bu amillərə görə “İnter”ə keçdim. Sevinirəm ki, belə güclü komandada çıxış edəcəm.

 

- Artıq üçüncü mövsümdür ki, çempionluq uğrunda əsas mübarizə  “Qarabağ” və “İnter” arasında gedir. Onların sabit çıxışlarını nəzərə alsaq, demək olarmı, yenidən məhz bu iki komanda sona qədər mübarizə aparacaq?

 -Turnir cədvəlinə nəzər salanda bunun şahidi oluruq. Mübarizə əsasən “İnter” və “Qarabağ” arasında gedəcək. Həm Qurban Qurbanov, həm də Kaxaber Sxadadze çox güclü məşqçidir. Ona görə də bu iki mütəxəssisin komandası sona qədər çempionluq uğrunda mübarizə aparacaq.  “Neftçi”ni də unutmaq olmaz. Ümumiyyətlə, maraqlı oyunlar çox olacaq. 

 

-“Qarabağ”a çatmaq çətin olmayacaq ki?

- Əsas odur ki, biz öz oyunumuzu düşünək. “İnter”in də özünəməxsus oyun üslubu var. Oyun ənənəmizi qoruya bilsək, xallarımızı qazanacağıq. “Qarabağ” yəqin ki, qaşıdakı oyunlarda xallar itirəcək.

 

- “Qarabağ”dan sonra “Bakı” və “Xəzər Lənkəran”da çıxış etdin. Lakin bu komandaların heç biri istənilən qədər çempionluğa iddialı olmadı. “İnter” isə onlardan fərqli olaraq çempionuğa oynayır. Bu mənada demək olarmı Əfan İsmayılov  daha iddialı klubda daha inamlı oyunu ilə yadda qalacaq?

- Razıyam. Doğrudan da “İnter” hər zaman iddialı olub və ilk pillələrdə qərarlaşıb. Mən və komandaya qoşulan digər futbolçulardan da çox şey asılıdır. Əlimizdən gələni etməliyik ki, komandanın gücünə güc qataq. Çünki bizi buna görə “İnter”ə cəlb ediblər. Bu mənada  oyunumda irəliləyiş olacaq. “İnter”in çempion olması üçün əlimdən gələni edəcəm. Baş məşqçidən çox şey asıldır.  Sxadadze istənilən potensialı olan futbolçunu yaxşı formaya salmağı bacarır. Son vaxtlar oyunumda inkişaf var idi. “Xəzər Lənkəran”dan ayrılmağım oyunuma  təsir etməyəcək. Çünki vaxtında “İnter”ə keçdim. Artıq sabahdan komandaya qoşulacam və məşqlərə başlayacam.

 

Mənbə:Qol.az

Xəbər xətti