"Tərifləmək olmasın deyə, reytinqi konkret deyə bilmərəm"
Xəbər verdiyimiz kimi, AFFA-nın saytının dizaynı dəyişib. Yeni saytın texniki imkanları, bundan sonra gözlənilən yeniliklər və başqa mövzular haqda qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu müsahibə verib.
Sportal.az həmin müsahibəni diqqətinizə çatdırır:
- AFFA-nın yeni saytının texniki imkanlar baxımdan әvvәlkinә nisbәtәn hansı üstünlüklәri, fәrqlәri var?
- Əvvəl saytımızda istənilən informasiyanı yerləşdirmək olmurdu. İndi isə yeni dizaynda, yeni texniki imkanlarla bütün xəbərləri yerləşdirə bilirik. Həm də yeni saytımızda bölmələr konkretləşdirilib. Bundan sonra AFFA-nın bütün nəşrləri, hesabatları saytda yerləşdiriləcək. Amma əvvəlki saytımızda imkan məhdud idi.
- AFFA saytı, kobud ifadә elәsәk, hәr xәbәri vermir. Bunun səbəbləri nə idi? Bundan sonra necə olacaq?
- Bununçün bizim əvvəlki adminkamızda geniş imkan yox idi. Artıq bu problemi də aradan qaldırmışıq. Bütün xəbərləri kateqoriyalara bölmüşük. Milli komandaların bütün yaş qrupları haqda xəbərləri burda yayımlamaq imkanımız olacaq. Bundan əlavə bütün liqalar haqda informasiyalar olacaq. Həmçinin yeni saytda hakimlər haqda da ətraflı məlumatlar və onların fotoları yer alacaq. Əvvəlki saytımız 2008-ci ilin yanvar ayında yenilənib. O vaxt informasiya texnologiyaları indiki qədər inkişaf eləməmişdi. Həm də AFFA-nın keçirdiyi müxtəlif tədbir və liqaların sayı artıb. Məsələn, U-10 liqası yaradılmışdı, amma onunçün köhnə saytda bölmə ayıra bilmirdik. İndi futzal millisi, qızların liqaları haqda da məlumatlar olacaq. Köhnə versiyada əsasnamələri yerləşdirməkdə çətinlik çəkirdik. Daha belə hal yaşamayacağıq. Bu da klublarımıza əsasnamələri birbaşa saytımız vasitəsilə əldə eləmək şansı yaradacaq.
- Əvvəl affa.az və affavideo.az bir-birindən ayrı idi...
- Bəli, biz bunu da aradan qaldırdıq. Əvvəl affa.az-da videoları izləmək üçün başqa linkə - affavideo.az-a keçirilirdi. İndi isə birbaşa affa.az-ın özündən bununçün imkan olacaq. Bu da oxucuların vaxtına qənaəti deməkdi. Köhnə versiyada izləyicilər hər hansı videoya baxmaqçün əlavə 20-30 saniyə vaxt itirirdi. Amma indi belə olmayacaq, birbaşa linkə daxil olub istənilən videonu izləyə bilərsiz. Həmçinin milli komandalarımızın oyunlarına canlı baxmaq mümkün olacaq. İstənilən xarici çempionat və millilərin oyunlarını da canlı yerləşdirmək imkanımız var.
- Bundan әvvәlki tәrtibat, affavideo.az UEFA-dan mükafat qazanmışdı. Nәyә әsasәn? Vә yeni tәrtibatın iddiaları nәlәrdәn ibarәt olacaq?
- Affavideo.az yarananda UEFA tərəfindən yaxşı qiymət aldı. Həmin vaxt qitənin ali futbol qurumu saytımızı ən yaxşı media layihələrindən biri saymışdı. Çünki o zaman videoinformasiyaların yayılması yeni idi və bu istiqamətdə inkişaf yox idi. Amma biz bunu yaratdıq. Təbii ki, bu da dövrün tələbinə uyğun addım olduğu üçün qurum tərəfindən mükafatlandırıldıq.
- Yeni saytınızda biletlerin satışı bölməsi var. Orada yalnız milli komandanın oyunlarına biletlər satılacaq?
- Biz biletlərin onlayn satşını hələ 2010-cu ildə dünya çempionatı zamanı FIFA ilə birgə təşkil eləmişdik. O vaxt bir sıra azarkeşlər bizdən internet üzərindən bilet aldılar. İndi də belə olacaq. Azarkeşlər oyundan əvvəl biletləri rahat şəkildə ala biləcəklər. İlk olaraq millimizin oyunlarına bilet satışı ilə məşğul olacağıq. Əgər hər hansı başqa tədbir və turnirlərdən təkliflər alsaq, onların da biletlərini satmaq üçün imkanımız olacaq. Bundan əlavə saytımızda milli komandaların formaları da onlayn formada satılacaq. Bu da o deməkdi ki, affa.az təkcə informasiya saytı yox, həm də bir marketinq üçün bir vasitədi.
- "Futbol Dünyası" qәzeti dә AFFA-nın KİV orqanıdı, belә mümkündümü, yeni tәryibatda qәzetә aid bölmә yaradılsın vә oxucuların qәzetinizi internet üzәrindәn dә oxumaq imkanı qazansın?
- Bu da mümkün olacaq. Hazırda bununçün lazımi texniki işlər görülür. Bəzi işlər yekunlaşandan sonra "Futbol Dünyası" qəzeti üçün də bölmə yaradılacaq.
- Müxtәlif klub vә futbol qurumlarının saytı var. Heç reytinq ölçmüsüzmü, bilirsizmi, AFFA-nın saytı hansı mövqedәdi?
- Biz reytinq uğrunda mübarizə aparmırıq. Məsələn, elə vaxt olub ki, sayta milli komandamızın oyununu canlı qoymuşuq, həmin vaxt izləyicilərin sayı 70 mini ötüb. Tərifləmək olmasın deyə, reytinqi konkret deyə bilmərəm. Amma düşünürəm ki, nüfuzumuz xeyli yüksəkdi. Saytın reytinq yoxlaması mexanizmini özüm aparıram. Məsələn, hər hansı xəbər yerləşdirəndən sonra görürəm ki, həmin xəbəri 1-3 dəqiqə sonra bir çox xəbər portalları yayıb.
- Neçə əməkdaşınız var?
- Çox işçimiz yoxdu. Hazırda sayt üzərində iki nəfər işləyir. Bir nəfər fotoqrafımız var. Amma affavideo.az-da operatorlarımız və montajçılarımız var. Onlar AFFA-nın bütün rəsmi görüşlərində, tədbirlərdə və bütün liqaların oyunlarında olur, videoroliklər və analizlər hazırlayırlar.
- Futbolun inkişafı proqramında kütlәvilәşdirmәyә aid bәnd var. Bununçün internet resurslarının rolu önәmlidi. Saytınız bu istiqamәtdә neylәyib?
- Bizim saytımız bütün işləri elə bu istiqamətdə aparır. Yeni dizaynla biz informasiyanı oxuculara daha yaxşı və daha rahat halda çatdırırıq. Yeni layihəmiz futbolumuzun təbliğatına və kütləviləşməsinə yönəlib. Burada həmçinin dövlət proqramından maliyyə resurslarının yaxşılaşdırması məsələsi də rol oynayır. Ona görə də biz saytda sponsorlarımızın reklamını yerləşdirmişik. Onlar da burdan mənfəət əldə edir. Buna görə də biz sponsorlarımızı futbolun üzərindən təbliğ edirik. Məsələn, affavideo.az-da videolar “Bakcell”in təqdimatı ilə yayımlanır. Bu da xüsusi bir layihədir.
- Saytın tanıtımı istiqamәtindә hansı tәdbirlәr görülüb-görülәcәk?
- Bizim buna ehtiyacımız yoxdu. Saytımız yetəricə tanınır. 2005-ci ilin may ayından fəaliyyətdədi. Daha yaxşı tanınması üçün obyektivlik və informasiyaların çatdırılma mexanizmini yaxşılaşdırmışıq. Əsası isə işgüzarlıq və operativlikdi. Əgər biz bunları qoruya bilməsək, reytinqimizi itirəcəyik. Rəsmi iş vaxtımızın axşam saat 6-ya qədər olmasına baxmayaraq, bizdə zaman məhdudiyyəti yoxdu. Bayram günlərində, şənbə və bazar günlərində də çalışırıq.
Mənbə: futbolpress.az
saytlarin hazirlanmasi