"O, öz təcrübəsi ilə Azərbaycan yığmasına kömək edəcək"
Hollandiyanın PSV klubunun ikinci komandasının baş məşqçisi Rud van Nistelroyun ötən gün "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyunundan (0:0) sonra müsahibəsi:
- "Qəbələ" ilə oyun haqda nə deyə bilərsiniz?
- Komandam 18-20 yaşlı futbolçulardan təşkil olunub. Onlarla fəxr edirəm. "Qəbələ" zəif komanda deyil. Hesab edirəm ki, uğurlu çıxış etdik.
- "Qəbələ"nin oyunu barədə nə deyə bilərsiniz?
- Onların bizimlə oyuna yorğun çıxdığını bilirəm. Çünki təlim-məşq toplanışına yeni başlayıblar. Fikrimcə, bu komandanın yaxşı gələcəyi var.
- Rəqibin heyətində hansı futbolçunun çıxışını fərqləndirə bilərsiniz?
- 17 nömrəni (19 yaşlı Tellur Mütəllimovu nəzərdə tutur - red.). Yaxşı sürəti və driblinqləri var. Deyərdim ki, o, "Qəbələ"nin ən yaxşısı idi.
- Bəs bütövlükdə Azərbaycan futbolu barədə nə bilirsiniz?
- Bilirəm ki, klublarınıza son illərdə çoxlu əcnəbi məşqçi və futbolçu dəvət olunur. Toni Adamsın vaxtilə bu ölkədə çalışdığından da xəbərim var.
- Berti Foqtsu əvəz edən Robert Prosineçkinin Azərbaycan yığmasına fayda verəcəyinə inanırsınız?
- Bu dəyişiklikdən də xəbərim var. Prosineçki futbolda adlı-sanlı simalardandır. Əminəm ki, o, öz təcrübəsi ilə Azərbaycan yığmasına kömək edəcək.
Mənbə:azərisport.az
saytlarin hazirlanmasi