Vaqif Cavadov: "İkimizin arasındakı söhbət hər şeyə aydınlıq gətirəcək" MÜSAHİBƏ

19:15 - 12 Yanvar 2015

"2-3 gün ərzində klubun düşərgəsinə yollanacam"

 

Türkiyənin “Qaziantep BB” klubunun şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun müsahibəsi

 

- Başa çatan I dövrə sizin üçün necə keçdi?

- Deyə bilmərəm, pis keçdi. Çünki pis keçsəydi, davam etməzdim. Özümüzü yaxşı tərəfdən göstərdik ki, oyunlarda iştirak etdik.

 

- Adaptasiya dövrü çətin keçmədi?

- Bəlkə də istədiyim kimi alınmadı. Aktivimdəki qolların sayı çox ola bilərdi. Qol vurmaq üçün imkanlarım da oldu, sadəcə, reallaşdıra bilmədim. Bu cür hallar hər bir futbolçunun başına gələ bilər. Ümumi götürdükdə, pis alınmadı. Üzərimdə daha çox çalışmalıyam. Həyat davam edir.

 

- Həmin epizodları reallaşdırmaq üçün sizdə nə çatmırdı?

- Türkiyə çempionatında ilk dəfə iştirak edirdim. Hər şey yeni idi. Qol şanslarını qaçırmağım şanssızlıq da ola bilər. Ruhdan düşməmək lazımdı. Əksinə, daha çox çalışmaq, üzərində işləmək gərəkir.

 

- Qış fasiləsi başlar-başlamaz klubun sizinlə yollarını ayırdığı xəbəri çıxdı. Bu nə dərəcədə həqiqətə yaxındı?

- Elə bir əsas yoxdu. Hazırda klubla müqaviləm var və yayda bitəcək. Həmin vaxt qarşılıqlı razılıq əsasında daha bir il artırmaq olar. Həyatdı, bilmək olmaz sabah nə baş verəcək. Hələ ki, “Qaziantep BB”nin futbolçusuyam və yaxın 2-3 gün ərzində klubun düşərgəsinə yollanacam. Orada hər şey dəqiqləşəcək. İkimizin arasındakı söhbət hər şeyə aydınlıq gətirəcək.

 

- Əgər klub sizinlə müqaviləyə xitam verməyibsə, bu söz-söhbət nəyin əsasında yaranıb?

- Yenə deyirəm, hələ ki belə bir şey yoxdu. Mən ora döndükdən sonra baş tutacaq söhbət zamanı bütün suallara aydınlıq gətiriləcək.

 

- “Öz aramızda danışacağıq”, deyərkən nəyi nəzərdə tutursunuz? Söhbət maliyyədə problemindən gedir?

- Türkiyə klublarının hamısında maliyyə problemləri var. Maaşların gecikməsi hər zaman baş verir. Təki alacağımız olsun. Söhbət başqa məsələdən gedir. Orada, ailəmdən uzaqda qalmağım problem yaradır. Başqa ciddi problem yoxdu.

 

- Özünüzün necə, qayıtmaq fikriniz varmı?

- Hələ real deyil. Nə vaxtsa mümkündü, amma indi gündəmdə deyil. Türkiyəyə elə-belə getməmişəm. Yaxın günlərdə hər şey həll olunacaq.

 

- I liqadan Superliqaya yüksəlmək şansınız varmı?

- Elə məqsədim də budu. Çalışıram yüksək dəstə klublarının diqqətini çəkim. Sadəcə, bizim orda futbolçumuz olmadığına görə, onlar bizə yuxarıdan aşağı baxırlar. Etimadları azdı. Amma heç nədən qorxmuram. Üzərimdə işləyirəm.

 

- Türkiyə I liqası Topaz Premyer Liqasından çoxmu geri qalır?

- Aşağı deməzdim. Ötənilki Premyer Liqa ilə müqayisə aparsam, Türkiyənin I liqasının ilk “5-liyi”ndəki klubları bizim çempionatda mübarizə apara bilər. Təbii, “Qarabağ”ı onlara qatmıram. Türkiyənin I liqasında 18 komanda var, daha maraqlı çempionat keçir. Ötən illə müqayisədə bizim çempionat bu il bir qədər zəif keçir. Bizdə də inkişaf gedir. Amma ötənilki səviyyəni qorumaq lazım idi. Yayda futbolçuların əksəriyyəti klublarımızdan ayrıldılar. Söhbət “Qəbələ”, “İnter”, “Xəzər Lənkəran”, “Bakı” kimi klublardan gedir.

 

- Bu sualı ona görə verdik ki, bəzi futbolçularımız Türkiyənin I liqasındakı klublardan təklif alsalar da getmədilər və səbəbini Premyer Liqanın daha güclü olması ilə izah etdilər.

- Hər kəsin öz fikri var. Demirəm, Premyer Liqamız zəifdir. Sadəcə, ötənilki ilə müqayisə apardım. Əlbəttə, Bakıda, evinin içində oturub oynamaq daha yaxşıdı. Orada 18 klub var. Səfər oyunları zamanı yol yorğunçuluğu ola bilər. Çünki ölkənin ərazisi böyükdü. Maraqlı çempionatdı. Hər bir çempionatın öz nöqsanı, eləcə də müsbət məqamları var. Təki bizim futbolçular daha yaxşı liqalarda çıxış etsinlər.

 

Mənbə:apasport.az

Xəbər xətti