"Beş xallıq fərq az deyil"
"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi
- Hazırlıq prosesi necə gedir?
- Hər şey yaxşıdır. Bir neçə yoxlama oyunu keçirmişik və fikrimcə, pis təsir bağışlamamışıq. Nə qədər çox oyun keçirsək, bir o qədər yaxşıdır.
- Mövsümün ilk yarısının çoxunu buraxmalı oldunuz. İndi özünüzü necə hiss edirsiniz?
- Artıq hər şey qaydasındadır. İndi mənə daha çox oyun təcrübəsi lazımdır ki, əvvəlki formama qayıdım. Fikrimcə, toplanışın sonunadək hər şey daha yaxşı olacaq.
- Yenidən əsas heyətə qayıtmaq çətin olmayacaq?
- Cinah yarımmüdafiəçisi mövqeyinə üç futbolçu iddialıdır. Baş məşqçi bu rəqabətdə kim daha yaxşıdırsa, ona şans verəcək. Hər kəs maksimuma çalışır və başa düşür ki, heyətə düşmək üçün başqa çıxış yolu yoxdur.
- Yoxlama oyunlarınızı millimizin məşqçiləri də izləyir. Necə düşünürsünüz: sizi də gözaltı ediblər?
- Hər şey mənim sərgilədiyim oyundan asılıdır. Amma yığmaya qayıtmağı çox istəyirəm. Qarşıdakı toplanışa dəvət gözləyirəm. Ümid edirəm ki, növbəti toplanışda iştirak edə biləcəyəm. Artıq iki ildir ki, yığmaya çağırılmıram. Bu, çox böyük müddətdir.
- Bu mövsüm üçün hədəfiniz nədən ibarətdir?
- Baş məşqçi çempionluq uğrunda mübarizə apardığımızı deyib. Toplanış zamanı hədəfimiz bir daha dilə gətirildi. Əlbəttə, hazırda "Qarabağ"dan geridəyik. Beş xallıq fərq az deyil. Amma bunu əritmək olar.
- "Qarabağ"ı qabaqlamaq mümkündür?
- Razıyam ki, onlar indi çox güclüdürlər. Amma Premyer Liqada məğlubedilməz komanda yoxdur. Bu mövsüm onlarla iki dəfə qarşılaşmışıq, hər ikisi heç-heçə başa çatıb. Onların başqa komandalarla oyunlarda da xal itirməsi istisna deyil.
- Amma eyni aqibəti siz də yaşaya bilərsiniz...
- Biz də çox xal itirmişik. Əks halda, indi lider "İnter" olardı. Qalan oyunlarda həm digər rəqiblərimizə, həm də liderə qalib gəlməyə borcluyuq.(azərisport.az)