"Simurq"un futbolçusu: "Bundan sonra nə dəyişəcək ki?" MÜSAHİBƏ

00:15 - 1 Mart 2015

"Topu götürən zaman cüzi də rəqibə toxundum"
 
“Simurq”un yarımmüdafiəçisi Marko Stanoyeviçin Sportal.az-a müsahibəsi
 
- "İnter"ə 2:1 hesabı ilə məğlub oldunuz.Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Çətin olacağını bilirdik. Çünki “İnter” yaxşı komandadı. Rəqib birinci hissədə erkən qol vurdu. İkinci hissədə də bunu təkrarladılar. Yenə qol vurdular. Biz isə şanslarımızı reallaşdıra bilmədik. Cəmi bir qol vurduq. Yaxşı hazırlaşdığımız oyundan məğlub ayrıldıq. Uğursuz alındı. Hər dəfə uduzmaq həqiqətən də yaxşı hal deyil. Bizdə alınmadı. 
 
- Qələbə qazanmağınıza  nə mane oldu?
- Rəqib güclüdü. Onlar pressinq etməklə bizim ötürmələrdən yararlanmağımıza imkan vermədilər. Meydanın bütün hissələrini bağlamışdılar. Buna baxmayaraq, şans yaratdıq, amma istifadə edə bilmədik.
 
- Qol vurdunuz, rəqib oyuna başlayan kimi qırmızı vərəqə aldınız. Niyə belə etdiniz?
- Ona görə belə alındı ki, hakim ikinci sarı vərəqəni göstərmək qərarına gəldi. Bu da avtomatik qırmızı demək idi.
 
- Həmin epizodda rəqibi, həm də meydanın mərkəzində niyə vurdunuz?
- Açığı, rəqibi vurmaq istəmirdim. Topu götürən zaman cüzi də rəqibə toxundum. Hakim də sarı vərəqə göstərdi. Elə bildi bunu qəsdən etmişəm. Amma rəqibə qarşı kobud oynamamışdım.
 
- Hakimin qərarı ilə bağlı nə deyə bilərsən?
- Onun qərarına şərh vermək mənim işim deyil. Artıq hakim öz işini gördü. Bundan sonra nə dəyişəcək ki?
 
- Son 3 turda cəmi 1 xal qazandınız. Bunu nə ilə izah edərdiniz?
- Niyə qələbə qazandığımız oyunlar haqda soruşmursunuz?
 
- Həmin oyunlar arxada qalıb. Avropa Liqasına yollanmaq istəyən komanda mümkün qədər az xal itkisinə yol verməlidi...
- Komanda oyun planında geri qalmır. Sadəcə, yaratdığımız epizodları dəyərləndirə bilmirik. “Sumqayıt”la qarşılaşmada çoxlu şansımız oldu, amma qol vura bilmədik, rəqib bir şansdan istifdə edərək qol vurdu. Təbii ki, rəqibdən çox qol vurmayanda qələbə də qazana bilmirsən.

Xəbər xətti