Mənasız konfrans barədə
Son vaxtlar ölkənin futbol ictimaiyyətində bir canlanma varıydı. Sanki, hamı nəsə gözləyirdi. Kimisi legioner limitinin dəyişəcəyini, kimisi PFL-ın ləğv olunacağını, kimisi Premyer Liqada klubların sayının 14, hətta16-ya çatacağını deyirdi, daha nələr və nələr.
Ancaq bunların heç biri olmadı. Ümumiyyətlə, bu hesabat-seçki konfransında heç nə olmadı. Adidən də adi, bəlkə də, həmişəkindən daha adi, daha mənasız və məntiqsiz bir tədbir keçirildi.
AFFA-nın bu tədbiri o qədər absurd fikirlər və qərarlarla yadda qaldı ki, köhnə vaxtlar olsaydı, “Mozalan”ın futbolumuza aid buraxılışı üçün kifayət qədər material toplamaq olardı.
Bir tərəfdən hay-həşirlə elan elədilər ki, çempionatın yayım hüququ “İdman Azərbaycan”dan alınır, tender olacaq. Ardınca da, Rövnəq Abdullayev deyir ki, heç bir telekanal yayım hüququnu almasa, həmin hüquq pulsuz AZTV-yə veriləcək. Yəni, “İdman Azərbaycan”a! Biri mənə izah eləsin ki, AFFA-nın bu qərarının arxasında nə dayanıb? Ya mən çox bəsit düşünürəm, ya da futbol başbilənlərimiz o qədər dərin düşünür ki, onların gedişlərini hər adam rahatlıqla anlaya bilməz. Az qala hamı bilir ki, telekanallar çempionatın yayımı üçün pul verməyəcəklər. Tutaq ki, AFFA bir sponsor tapdı və klublara paylamaq üçün pul tapıldı. Axı, heç bu halda da çətin ki, hansısa telekanal bu yükü üzərinə götürmək istəsin. Çempionat oyunları üçün efir vaxtı ayırmaq, canlı yayımın təşkili üçün cibindən pul xərcləmək heç bir telekanal rəhbərinin ağlından belə keçməz. Deyəsən, Rövnəq Abdullayev bu məsələdə ən vacib məqamı diqqətdən qaçırıb. Azərbaycanda “İdman Azərbaycan”dan başqa heç bir telekanalın çempionatın yayımını təşkil etmək üçün lazımi maddi-texniki bazası yoxdur. Və kim nə deyirsə-desin, indiki halda dövlət kanalı bu işi digərlərindən daha keyfiyyətli görəcək gücdədi. Deməli, tender “uğursuz gediş”dir. Çünki bunun iki sonu var – ya “İdman Azərbaycan”, ya da çempionat heç yerdə göstərilməyəcək! Bunun ideal yolunu əvvəllər göstərmişik, mənasız tenderlər elan etməkdənsə, Rövnəq Abdullayev məqaləni oxusun və bu barədə dərindən düşünsün: http://sportal.az/?goal=news&id=47486
Az qala hamı bilirdi ki, AFFA-nın Berlindəki futbol məktəbi fırıldaqçılıqdan başqa bir şey deyil. Bu barədə də yazmışdıq: http://sportal.az/?goal=news&id=37962. Rövnəq müəllim və onun ətrafı o vaxt bunu qulaqardına vursa da, indi biz deyənə gəlib: “Görürəm ki, effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Başlayanda mənə demişdilər ki, hər il 10 oyunçu ortaya çıxacaq, amma çıxmadı”.
Rövnəq müəllim dolayısı ilə, bu layihənin fırıldaq olduğunu etiraf elədi. Amma heç demədi ki, Rauf Əliyevi hansı cəza gözləyir? Havaya sovrulan, yeyilən yüz minlərin cavabını kim və necə verəcək?
Rövnəq müəllim tədbirdə cindən, şeytandan da danışıb. Deyəsən, AFFA rəhbəri də artıq futbolumuzda gözəgörünməz qüvvələrin qüdrətini qəbul eləyir. Xərclənən milyonların qarşısında futbolumuzun yerində saymağında bu cinlərin, şeytanların “xidmətləri” böyükdür, çox böyükdür. Onların xidmətidir ki, millidə yenə hər şeyi sıfırdan başlamalı oluruq, klub futbolunda səfalət dövrü yaşanır...
Rövnəq müəllim onu düz deyir ki, cin ayrı, şeytan ayrıdır. Bir gün onu AFFA-dan yola salanda da bilməyəcək ki, cinin badına getdi, yoxsa şeytanın!
Emin ABBASOV
saytlarin hazirlanmasi