Kamran Ağayevin sükanı daha da möhkəmlənir, klub rəsmisi yayılan məlumatları təkzib etdi

20:35 - 16 Mart 2015

"Biz heç bir baş məşqçi ilə maraqlanmırıq"

 

Türkiyə PTT 1-ci liqasının lideri olan "Kayserispor" hazırkı baş məşqçi Cüneyt Dumlupınarla yoluna davam edəcək.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan məlumatlara görə "Kasımpaşa"dan ayrıldıqdan sonra Şota Arvaladze millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor"a baş məşqçi kimi gətirilir. Lakin, bu barədə "Kayserispor"un baş meneceri olan Süleyman Hurma öz açıqlamasında gəzən söz-söhbətləri təkzib edərək bunları qeyd edib:

 

"Bəzi mətbuat orqanlarında bir neçə məşqçi ilə görüşüldüyümüz deyilsə də, bunlar yalan xəbərlərdir. Nəinki Şota Arvaladze, heç bir məşqçi ilə danışıqlar aparmırıq. Bizim hal-hazırda əsas məqsədimiz Superliqaya vəsiqə qazanmaqdır. Əgər bunu bacarsaq bütün heyət olaraq yolumuza davam edəcəyik. Superliqada isə 3-4 futbolçu transfer etməklə yüksək yerlər uğrunda mübarizə aparacağıq".

 

Qeyd edək ki, hazırkı baş məşqçi Cüneyt Dumlupınarın rəğbətini qazanan Kamran Ağayev baş məşqçi postunda dəyişiklik edilməsə əsas heyətdəki yerini daha da möhkəmləndirəcək.

Xəbər xətti