Robert Prosineçki başladı

16:15 - 29 Mart 2015

Qələbə qazandıq, amma...

 

Artıq çoxdan alışmışıq ki, can üstə olan futbolumuz yalnız beynəlxalq oyunlardan-oyunlara özünə gəlir. Azarkeşlər stadionlara axışır, ölkə az-çox futbolla yaşamağa başlayır. Lakin klublarımız bu ənənəni davam etdirsə də, millimiz bu köhnə adəti də pozmağa başladı. Milləti millidən o qədər soyutdular ki, son vaxtlar heç kiçik “Baksell Arena”nı da doldurmaq mümkün olmurdu.  

 

Yəqin, AFFA rəhbərliyi ümid eləyirdi ki, yeni baş məşqçinin gəlişiylə azarkeşlər yenidən stadiona axışar. Maltayla oyunun Respublika stadionunda keçirilməsi buna hesablanmışdı. Ancaq stadionun yarıdan çoxunun boş qalması onu göstərdi ki, itirilmiş inamı geri qaytarmaq elə asan deyilmiş. Axı, rəzalət dolu bu illər ərzində kimlərinsə cibi dolduqca, bu mənzərədən cana yığmış azarkeşlərin ayağını kəsməyə başladığı tribunalar boşalırdı...

 

Ötən gün millidə yeni dönəm başladı, Robert Prosineçki dönəmi. Xorvat mütəxəssis Azərbaycana gədliyi gündən əl-qolunu çırmalayıb işə girişmişdi. Futbolumuzda görüşmədiyi adam, izləmədiyi futbolçu, getmədiyi stadion qalmadı. Hamımız səbrsizliklə Maltayla oyunu gözləyirdik ki, Prosineçkinin nəyə qadir olduğunu görək. Hələ Maltayla oyuna 1 gün qalmış Robert Prosineçkinin elan etdiyi start heyəti müzakirə mövzusuna çevrildi. Norveçə qarşı son oyunla müqayisədə start heyətində 8 dəyişiklik var idi.

 

Oyunun lap əvvəlində qol vurmağımız bizim üçün göydəndüşmə oldu. Maltanın bütün komanda ilə öz qapısına sıxılması, boşluq verməməsi hamıya məlum idi. Erkən qol bizi bu çətinlikdən xilas etdi. Bu qol Cavid Hüseynovdan gəldi. Həmin Hüseynovdan ki, çoxları onun oyun qurucusu mövqeyində yer almasına şübhə ilə yanaşırdı. Məsələ burasındadır ki, meydanın mərkəzini sürətli keçmək üçün ən ideal namizəd Cavid idi. Onun dinamikliyi sayəsində hücumda da çoxluq yaratmaq olardı. Ki, vurduğumuz qol zamanı Cavid məhz hücumçu mövqeyində yer almışdı. Cavid Hüseynov Robert Prosineçkinin dediyi kimi, bəlkə də millidə ən yaxşı oyununu nümayiş etdirdi.

 

Millidə debüt eləyən Namiq Ələsgərov meydanda az olsa da, qol ötürməsi ilə yanaşı, inamlı oyunuyla yadda qaldı. Kaş zədələnməzdi... Onun yerinə girən Ruslan Qurbanov da oyunboyu rəqib müdafiəçiləri təzyiq altında saxladı. Maksim Medvedyevin də yer aldığı sağ cinah fəallıq nümayiş etdirmək istəsə də, Arif Daşdəmirov və Əfran İsmayılovlu sol cinahımız iflic vəziyyətdəydi. Həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzi pis təsir bağışlamadı. Rəşad Sadıqov-Bədavi Hüseynov tandemi bir-birinə yaxşı bələd idisə, Qara Qarayev – Rahid Əmirquliyev cütlüyünün bir-biri ilə anlaşması qənaətbəxş idi. Prosineçki əvvəlcədən tərəddüd etsə də, yaxşı ki, qapı Kamran Ağayevə həvalə edildi. Hələ matçın əvvəlində komandamızı qoldan xilas eləyən Ağayev çərçivədə inamlı təsir bağışladı. Ümumi götürsək, millimizin oyununu yaxşı adlandırmaq olmaz. Yaxşı ki, hava-su kimi lazım olan 3 xalı qazandıq.

 

Millimiz kəsərli hücumlar qura bilmir, meydanın mərkəzini sürətli keçməkdə çətinlik çəkirdi. Bir sözlə, ağır idi millimiz. Amma indidən Robert Prosineçkini qınamaq olarmı? Bu, ilk oyun idi. Çatışmazlıqları xorvat mütəxəssis də gördü. Hə, çoxları futbolumuzun bu günki durumundan razı deyil. Ancaq Rövnəq Abdullayev və onun komandasının bu illəri hədər verməsi, Berti Foqtsun millini bu hala salmasının günahkarı Robert Prosineçki deyil axı. O, bura iş görməyə gəlib. O, ölüm ayağında olan bir millini dirçəltməyə gəlib buraya. Bacaracaqmı? Bunu zaman göstərər. Ancaq indiki halda onu təbrik etmək gərəkir. Necə olursa-olsun, ilk oyununda qələbə qazandırdı millimizə. Çoxdandır həsrətində olduğumuz qələbə!  

 

Emin ABBASOV

Xəbər xətti