"Neftçi"nin Müşahidə Şurasının ilk iclasının vaxtı açıqlandı

14:27 - 1 Aprel 2015

"Bakı" ilə matçdan öncə...

 

Martın 31-də yaradılmış "Neftçi" futbol klubunun Müşahidə Şurasının ilk iclası bu gün keçiriləcək.

 

Sportal.az Report-a istinadən xəbər verir ki, bu barədə şuranın üzvü Bəhram Bağırzadə açıqlama verib verib.

 

Onun sözlərinə görə, görüş "Bakcell Arena"da Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçiriləcək "Bakı" ilə oyundan öncə - saat 16:30-da baş tutacaq. İclasda hər bir üzvün üzərinə düşən vəzifələr müəyyənləşəcək.

 

B.Bağırzadə klubun azarkeş problemindən də danışıb. O, məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edəcəyini bildirib: "Oyunların adi günlərdə günorta saatlarında keçirilməsi böyük problemdir. Bu, həftəsonu olsaydı, başa düşmək olardı. Amma həftəiçi çoxları işdə olur və stadiona çox az adam gəlir. Bu səbəbdən, "Neftçi"nin oyunlarının münasib vaxta təyin edilməsi xahişi ilə Peşəkar Futbol Liqasına müraciət edəcəyik".

 

Azarkeşləri meydana dərhal cəlb etməyin asan olmayacağını bildirən B.Bağırzadə bunun üçün zamana ehtiyac olduğunu qeyd edib: "Mövsümün sonunadək "Bakcell Arena"ya yarıyadək azarkeş cəlb etsək, bu, yaxşı göstərici olar. Mənə vaxt verin, hər şey tədricən relsə düşəcək. "Bakılı oğlanlar"ın tərkibində Əsrin çempionu olmaq üçün bizə 10 il vaxt lazım olmuşdu. Bu işə 1990-cı ildə başlamış və 2000-ci idə istəyimizə nail olmuşduq".

Xəbər xətti