U-16 Liqası: Medalçılar bəllidir

Aprelin 12-də U-16 Liqasında 25-ci tura yekun vuruldu. Bu tur eyni zamanda mükafatçıların və son pillənin 3 sahibinin adlarına aydınlıq gətirdi. «Qəbələ»nin çempionluğu hələ 2-3 həftə əvvəl məlum  olsa da, 2-3-cü yerlər uğrunda mübarizə qalmaqda idi. Sonda medalçılar sırasına «Sabah»la «Keşlə» düşməyi bacardı. Son 3 pillə isə ROİL, «Turan Tovuz» və İsgəndər Cavadov BFA-nındır. Təəssüf ki, maraqlı keçən çempionatın son turu formal xarakter daşıyacaq. Sadəcə, bəzi qonşular «mənzil şəraitlərini» yaxşılaşdırmağa çalışacaqlar.

 

«Sabah» - «Qarabağ» 3:1
Qollar: 
Nihad Dəryagir, 30; Vüsal Vəliyev, 33, 79 – Sahib Səmədov, 6

 

Bu oyun gümüş medalların sahibinə böyük ölçüdə aydınlıq gətirəcəkdi. «Qarabağ»ın qələbəsi «Keşlə»nin işinə yarayacaqdı. «Sabah» isə məğlub olmamağın fonunda çempionatı 2-ci pillədə başa vuracaqdı. Doğrudur, «Sabah» «Keşlə»dən 2 xal öndədir. Amma bağlanış oyunlarında bu komandaların «Turan Tovuz»a və İsgəndər Cavadov BFA-a məğlub olacaqları bir yana, heç-heçə edəcəkləri də inandırıcı deyil.
Oyun məhz «Keşlə»nin istədiyi kimi başladı. Beləki 6-cı dəqiqədə «Qarabağ» hesabı açdı. Elnar Əkbərov cərimə zərbəsindən qapı önünə asma etdi. Qapıçı Kamran Şabıyevin uğursuz çıxışından istifadə edən Sahib Səmədov asmanı məhsuldar sonluqla tamamladı. Bu qoldan sonra ruhlanan qonaqlar 3-4 epizodda Sahib Səmədov, Mirmövsün Caniyev, Elnar Əkbərovla ikinci qolu vurmağa yaxın oldular. Amma «Qarabağ»lılarda dəqiqlik çatışmadı.

 

«Sabah»ın cavabı özünü bir qədər çox gözlətdi. Yarım saatın tamamında Həsən Seyfullayevin cinah asmasını Nihad Dəryagir başla qapıdan keçirdi. Özündə toxtaxlıq tapan meydan sahibləri 3 dəqiqə sonra daha bir qol vurdular. Bəhruz Tanrıverdiyevin ötürməsindən sonra Vüsal Vəliyev toru silkələdi.

 

Fasilədən sonra qapılara cəmi 1 qol vuruldu. Matçın başa çatmasına cəmi 1 dəqiqə qalmış rəqib müdafiəçilərdən topu oğurlayan Vüsal Vəliyev Cavidan İzzətli ilə üz-üzə qaldı və topu onun başı üzərindən qapıya göndərdi.

 

«Sabah»ın baş məşqçisi İlqar Mənsimov «Qarabağ»ın heyətində Qadir Abdullazadənin yaxşı tərəfdən hamıdan seçildiyni bildirdi. «Qarabağ»ın baş məşqçisi Asif Əlizadə eyni sözləri meydan sahiblərindən Vüsal Vəliyevin ünvanına söylədi.

 

«Neftçi» - «Qəbələ» 1:7
Qollar
: Nihad Şirinov, 35 - Ümid Həmzəyev, 2; Xəyal Səmədov, 5; Mehrac Baxşəliyev, 9, 42, 70 (pen.); Süleyman Damadayev, 20; Anar Tağıyev, 28

 

Qalib gələcəyi və «Keşlə»nin büdrəyəcəyi təqdirdə «Neftçi» 3-cü pilləyə yüksələcəkdi. Amma nə «Keşlə» büdrədi, nə də…

 

Çempion «Qəbələ» ilə oyun «Neftçi» üçün çempionatın ən uğursuz oyunu oldu. Bu tura kimi qapısında cəmi 11 qol görən və etibarlı müdafiə xətti ilə ad çıxaran «Neftçi» birdən-birə 7 top buraxdı.

 

Artıq, 9-cu dəqiqədə qonaqlar 3 dəfə rəqib qapısına yol tapmışdılar. Matçın gedişində daha 4 qol buraxan «Neftçi» hesab 0:3 olarkən standart vəziyyətdən sonra cəmi 1 qol vurmağı bacardı. Nihad Şirinov sözün hər mənasında başı ilə fərqləndi.

 

Yeri gəlmişkən, «Qəbələ»li Mehrac Baxşəliyev «het-trik» etməklə çempionatın bombardiri yarışında 1-ci yerdəki mövqeyini daha da möhkəmləndirdi. İndi Mehracın aktivində 31 qol var və ən yaxın izləyicisi – «Səbail»li Rauf Ağasənovu 4 top qabaqlayır.  Sonuncu turda Mehrac qollarının sayını daha da artıra bilər. Əgər autsayder ROİL Qəbələyə oyuna getsə. Əks-halda Raufun ona çatmasını gözləmək olar. Amma bu da inandırıcı deyil ki, Ağasənov Gəncə TİM-lə oyunda «poker» etsin.

 

Ağır məğlubiyyətin səbəblərini öyrənmək üçün «Neftçi»nin baş məşqçisi Mirbağır İsayevlə əlaqə saxladıq. Təcrübəli məşqçi bunları söylədi: «Bu gün «Qəbələ» çempion kimi oynadı və sərgilədiyi oyunla bir daha sübut etdi ki, bu ada layiqdi. Birincilikdə futbol oynamağa çalışan və bunu bacaran 2-3 komanda varsa, onlardan biri «Qəbələ»di. Oyundan sonra rəqibin futbolçularını və baş məşqçisini təbrik etdim. Öz komandama gəlincə, uşaqlara təsəlli verdim. Bu, futboldu. Futbolda böyük komandalar zaman-zaman böyük hesabla uduzurlar. 
Rəqibin heyətində ən yaxşılara gəlincə, bütün heyətin adını çəkərdim. Hər kəs üzərinə düşən işi layiqincə yerinə yetirdi».

 

«Qəbələ»nin baş məşqçisi Xaqani Məmmədov isə çempionatda ən yaxşı oyunlarını keçirdiklərini söyləməklə yanaşı, «Neftçi»dən Nihad Cəfərovun oyununu bəyəndiyini dedi.

 

ROİL – Gəncə TİM 0:2
Qollar:
Ümid Səmədov, 53; Sənan Rüstəmov, 63

 

Matçın favoriti şübhəsiz qonaqlar idi. 3 xal da məhz onlara qismət oldu. Amma çətinliklə. 1-ci hissə qapısını toxunulmaz saxlamağı bacaran ROİL fasilədən sonra 2 dəfə məyus olmaqla, birincilikdə 23-cü dəfə məğlub oldu.

 

Hesab bir qədər erkən açıla bilərdi. Əgər 11-ci dəqiqədə Gəncə TİM-nin kapitanı Ümid Səmədov penaltini qola çevirsəydi. Ümidin zərbəsini Afiq Səmədov zərərsizləşdirə bildi. Hər halda Ümid ikinci hissənin nəhs dəqiqəsində komandasını qələbəyə ümidləndirdi və cinah ötürməsini tək toxunuşla qapıya göndərdi. Qonaqlar 10 dəqiqə sonra daha bir qol vurdular. Bu dəfə Sənan Rüstəmov toru silkələdi.

 

ROİL-nin baş məşqçisi Samir Əliyev qol müəlliflərinin eyni zamanda matçın ən yaxşıları olduqlarını, Gəncə TİM-nin çalışdırıcısı İlham Səmədov isə qapıçı Afiq Musayevlə Sehran Abbasovun rəqibin heyətində daha çox seçildiyini dedi.

 

İsgəndər Cavadov BFA – «Sumqayıt» 3:0
Qollar
: Zöhrab Quluşev, 6; İbrahim Məmmədov, 10; Vüsal Alızadə, 80+3

 

Autsayderlər mövqeyində qərarlaşan İsgəncər Cavadov BFA turun sensasiyasını gerçəkləşdirdi. «Sumqayıt»ı böyük hesabla məğlub edən Qəhrəman Əliyevin yetirmələri bəlkə də cari mövsüm ən yaxşı oyunlarını oynadılar.

 

Hesab 6-cı dəqiqədə açıldı. Qoşqar Babayevin cərimə zərbəsindən asmasından sonra Zöhrab Quluşev başla topu uzaq küncə göndərdi. Cəmi 4 dəqiqə sonra «Sumqayıt» daha bir zərbə aldı. Bu dəfə Qoşqarın cərimə zərbəsindən qapı önünə göndərdiyi topu İbrahim Məmmədov «şoçka» isə tamamladı. Yekun nəticəni müəyyənləşdirən qolu matçın son saniyələrin Vüsal Alızadə vurdu.

 

«Neftçi» İK İB – «Keşlə» 3:5
Qollar
: Taleh Yusifov, 11; İlqar Kazımov, 13, 79; - Xəyal İbrahimov, 25; Qurban Səfərov, 30; Əbil Əbilov, 37, 48; Vaqif Həsənov, 55

 

Bu oyun başlayanda «Neftçi» - «Qəbələ» matçında 1-ci hissə başa çatmışdı və bu o demək idi ki, arxadan gələn 2 təhlükədən biri sovuşmuşdu. Belə bir vəziyyətdə «Zirə»nin «Viləş»i məğlub edəcəyini ehtimal edərək «Keşlə»yə heç-heçə də sərf edirdi. Son tur ərəfəsində əsas rəqiblərini 1 xal qabaqlayacaq «Keşlə» İsgəndər Cavadov BFA ilə oyunda qələbə qazanmaqla 3-cü yeri tutacaqdı. Digər tərəfdən «Sabah» - «Qarabağ» matçı da başa çatmışdı və qonaqlar 2-ci pilləyə ümidlərini itirmişdilər. Qısası, «Keşlə» bürüncə ən real namizəd idi və oyuna rahat çıxmışdı. Məhz bu rahatlıq qonaqlara baha başa gələ bilərdi. Çünki 13-cü dəqiqədə onlar qapılarında 2 top görmüşdülər.

 

11-ci dəqiqədə Fuad Səlimovun cinah asmasından sonra top müdafiəçiləri aşıb Taleh Yusifovun qarşısına düşdü. Qapıçı Azər Fərmanovun yersiz çıxışı qolla nəticələndi. Qapının boş qalmasından istifadə edən Taleh topu qapıçı və müdafiəçilərin başı üzərindən qapıya göndərdi. Cəmi 2 dəqiqə sonra «Keşlə» daha bir şok yaşadı. Tural Əmirhüseynovdan topu «oğurlayan» İlqar Kazımov qapı önünə sərt ötürmə etdi. Müdafiəçilərdən qayıdan topu təkrar ələ keçirən İlqar uzaq küncü dəqiq nişan aldı. Ardıcıl 2 qol «Keşlə»ni pis vəziyyətdə qoysa da, komanda özündə təpər tapa bildi və…

 

20-ci dəqiqədə Turalı Xəyal İbrahimovla əvəzləyən baş məşqçi Xəyal Mustafayev hücumu gücləndirmək niyyətində idi və bu əvəzetmə 5 dəqiqə sonra özünü doğrultdu. Seymur Məmmədovun künc zərbəsindən sonra boş qalan Xəyal İbrahimov bir toxunuşla buraxılan qollardan birinin əvəzini çıxdı. Bundan ruhlanan qonaqlar 5 dəqiqə sonra bərabərlik qolunu vurdular. Seymur Məmmədovdan əla ötürmə alan Qurban Səfərov Murad Məmmədovla mübarizədən qalib ayrıldı. Birinci hissənin başa çatmasına 3 dəqiqə qalmış oxşar epizodda Vaqif Həsənovun sayəsində Muradla üz-üzə qalan Əbil Əbilov «Keşlə»ni hesabda önə keçirdi.
Fasilədən sonra ərazi üstünlüyünə malik olan qonaqlar daha 2 qol vurdular. 48-ci dəqiqədə Murad Məmmədovla təkbətək çıxan Xəyal İbrahimov daha əlverişli mövqedə dayanan Əbil Əbilova ötürmə etdi. Əbil boş qapını nişan almaqda çətinlik çəkmədi. 55-ci dəqiqədə isə rəqib qapıçı ilə üz-üzə qalmaq növbəsi yenidən Qurban Səfərova çatdı. Murad bu dəfə Qurbanın zərbəsini dəf etsə də, topa hamıdan tez çatan Vaqif Həsənov həyatında bəlkə də ən rahat qolunu vurdu. 

 

Meydan sahiblərinin gücü matçın bitiminə 1 dəqiqə qalmış 3-cü qolu vurmağa çatdı. Ayxan Rəcizadədən ötürmə alan İlqar Kazımov dublunu rəsmiləşdirdi.

 

Bir gün sonra  - «Viləş» - «Zirə» matçı başa çatanda məlum olacaqdı ki, «Keşlə» ən azı 3-cü yerin sahibidi. 
«Neftçi» İK İB-nin baş məşqçisi Ramin Babayev «Keşlə»dən 2 futbolçunun adını çəkdi – Seymur Məmmədov və Məhəmməd Tağıyev. Qonaqların baş məşqçisi Xəyal Mustafayev isə «Neftçi» İK İB-dən Kamran Baloğlanovla İlqar Kazımovun daha çox xoş təsir bağışladığını bildirdi.

 

«Səbail» - «Turan Tovuz» 6:1
Qollar
: Rauf Ağasənov, 3 (pen.); Fərid Əhmədov, 11; Nahid Abbasov, 13; Elməddin Qurbanlı, 51, 68, 80 – Talıb Bayramov, 47

 

Medallardan əlini üzən «Səbail» heyfini «Turan Tovuz»dan çıxdı. Hesab oyunun ədalətli nəticəsini özündə əks etdirir. Bu matç haqqında geniş yazmağa ehtiyac duymuruq. Sadəcə, oyunun ən yaxşılarını qeyd etməklə turun bağlanış oyununa keçirik. «Səbail»in məşqçisi Yaşar Abuzərov qonaqlardan Elmir Əsgərovla Sənan Aslanovun fəal olduqlarını söylədi. Qalib komandadan isə bu matçın ən yaxşıları Fərid Əhmədovla sözsüz ki, het-trik» müəllifi Elməddin Qurbanlı idi.

 

«Viləş» - «Zirə» 2:2
Qollar:
Tosif İbişov, 2, 73 – Vüsal Əliyev, 51, 54

 

Turun son oyunu Masallı şəhər stadionunda keçirilməli idi. Lakin bizə məlum olmayan səbəblərdən Lənkəran OİK-nin meydanına təyin olundu. «Keşlə»nin «Neftçi» İK İB üzərində qazandığı qələbədən sonra medal şansını demək olar ki, itirən «Zirə» münasib rəqiblə oyundan 1 xal ala bildi. Bakılılar qələbəni son anda əldən verdilər.

 

Artıq, 2-ci dəqiqədə «Viləş» hesabı açdı. Elnur Bağırlının ötürməsindən sonra Tosif İbişov Masallı təmsilçisini hesabda irəli çıxardı. «Zirə» buraxılan qolun əvəzini çıxmağa nə qədər çalışsa da, birinci hissə elə bu hesabla başa çatdı. 

 

Oyunda əsas hadisələr fasilədən sonra cərəyan etməyə başladı. Əvvəlcə «Zirə» 4 dəqiqə ərzində 2 qol vurmaqla hesabı xeyirinə dəyişdi. Hər 2 qol Vüsal Əliyevin adına yazıldı. 

 

Cəmi 2 dəqiqə sonra «Zirə» 10 nəfərlə qaldı. Komandanın qol silahı Nurəli Nurəliyev rəqib futbolçunun provokasiyasına uyaraq ona əli ilə zərbə vurdu və meydandan qovuldu. Azlıqda oynamasına baxmayaraq, «Zirə» daha bir neçə epizodda Məhəmməd Səfərov, Fərda Qurbanov və Vüsal Əliyevlə 3-cü qolu vurmağa yaxın oldular. Amma və lakin…

 

Üstün oyun nümayiş etdirən qonaqlar qələbə hesabını sona qədər saxlaya bilmədilər. Matçın bitiminə 7 dəqiqə qalmış Ramiz Qasımovun cərimə zərbəsindən qapı önünə etdiyi ötürməni «Zirə»nin qapıçısı Cavid Rəhimov tutmaq istəyərkən əlindən buraxdı. Tosif İbişov bu fürsətdən bacarıqla istifadə edərək komandasına 1 xal qazandıran qolu vurdu.

 

Heç-heçə nəinki «Zirə»nin bürünc medal qansnın üstündən xətt çəkdi, komanda turnir cədvəlində adına yaraşmayan 6-cı yerə düşdü. 

 

«Viləş»in baş məşqçisi Kənan Seyfullayev «Zirə»dən dubl edən Vüsal Əliyevi rəqibin ən yaxşı futbolçusu kimi qələmə verdi. «Zirə»nin baş məşqçisi Cəfər Hüseynov da eyni addımı atdı. O da rəqibdən «dubl» edən Tosif İbişovu seçdi.
  
U-16 Liqasında sonuncu – 26-cı turun oyunları aprelin 18-də keçiriləcək: «Turan Tovuz» - «Sabah», «Qarabağ» - «Neftçi» İK İB, «Keşlə» - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Viləş», «Zirə» - «Neftçi», «Qəbələ» - ROİL, Gəncə TİM – «Səbail».

 

Bombardirlər: Mehraç Baxışəliyev («Qəbələ») – 31 qol, Rauf Ağasənov («Səbail») – 27 qol, Vaqif Həsənov («Keşlə») – 22 qol.

 

«Het-trik news» qəzeti

 

Tarix: 13 Aprel [23:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio