Hüseyn Məhəmmədov: "Həmin gün istərdim ki, bir də yaşansın" - MÜSAHİBƏ

16:19 - 22 Avqust 2019

Bu gün Azərbaycan millisinin sabiq üzvü Hüseyn Məhəmmədovun doğum günüdür. "Turan", "Gəncə", "Şəmkir", "Neftçi" kimi klublarda çıxış etmiş veteran qapıçının 45-ci doğum günüdür.

 

Məhəmmədov bu münasibətlə Sportal.az-a müsahibə verib:

 

- Təbriklər! 45 yaş sizin üçün nə deməkdir?
- Təşəkkür edirəm! Sizin vasitənizlə bütün media mənsublarına minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman mətbuatın diqqətində olmuşam. Gənclik elə şeydir ki, insan həmişə bu dövrlərdə qalmaq istəyir. İdmançılar da qocalmaq istəmir. O günləri yada salanda keçmişə qayıtmaq istəyirsən. Sağlam həyat tərzimiz və nailiyyətlərimiz olub. Özümü 20-25 yaşında hiss edirəm. 45 yaş formaldır.
 
- Neçə ilinizi futbola həsr etdiniz?
- Demək olar ki, 20 ilimi həsr etdim. İndi də futbolun içindəyəm. Karyeramı bitirəndən sonra “Neftçi”də məşqçi çalışdım. Daha sonra ordan ayrılsam da, sağ olsun, Sadıq Sadıqov məni işsiz qoymadı. “Qaradağ Lökbatan”da çalışmağa başladım. İdmançı öz sahəsindən uzaq qalanda rahat ola bilmir. Mən də futbola öyrəşmişəm. Bu işdən ayrılmaq olmur.
 
- Qazandığınız və itirdikləriniz nə oldu?
- Dostlar qazanmışam. Oynadığımız müddətdə titullarımız olub, hörmət qazanmışıq. Azarkeşlərin diqqətindəyik. Hər bir futbolçu üçün belədir. Yaxşı idmançı yaddaşlarda iz buraxır. Futbol ictimaiyyəti məni zəng edib, təbrik edir. Ən gözəl qazancım elə budur.
 
- Hansı doğum gününüz yadda qalan olub?
- Doğum günüm bəzən oyun gününə və səfər matçına təsadüf edib. Hər birinin öz yeri var. Zaur Ramazanov, Emin Quliyev və digər futbolçularla eyni əhatədə olmuşuq, ad günlərimizi birgə qeyd etmişik. Özümüzə məxsus ad günləri keçirmişik. Hədiyyə mənim üçün önəmli deyil. İnsanların təbriki yetərlidir. Gecə 12-dən bəri təbrik mesajları yazırlar. “Facebook”da çoxlu təbriklər almışam.
 
- Bir vaxtlar Azərbaycanda oynamış legioner futbolçular əlaqə saxlayıb təbrik edir?
- Əlbəttə, var elə oyunçular. Nömrəsi olan və “Facebook”da dostluğumdakılar təbrik edir.
 
- Karyeranızda həyata keçirə bilmədiniz arzunuz olub?
- Əlbəttə, olur. İdmançıda arzu, istək, əzm olmalıdır. İstəyirik ki, lazım olan səviyyədə və yüksəklərdə olaq. Bu gün veteranlarımızın qurumu var və çalışırıq ki, futbolumuza kömək olaq. Aktiv olmaq istəyirik ki, futbolumuzun gələcəyi yaxşı olsun. Onu da demək düzgün olmazdı ki, bunu istədik, amma həyata keçmədi. Çox şey arzulamışıq, hamısı reallaşa bilməz ki. İstərdik ki, hər şey yaxşı olsun. Hamının işi avand olsun və bunu arzulayıram. Hər şey qismət olmur, amma yenə də xoşbəxt hiss edirəm özümü. İnsanlara özümüzü sevdirmişik. Bu gün diqqətdəyik, təbrik edirlər.
 
- Futbolda hansı yaddaqalan məqam üçün 45 illik ömrünüzü fəda edərsiniz?
- İdmançıların həyatında elə şeylər olur ki, hər şey üçün hazır olursan. Ən gözəl sevincli gün üçün bunu etməyə hazır olursan.
 
- Sevimli gününüz hansıdır ki?
- Əlbəttə ki, “Neftçi”nin heyətində Ermənistanın “Pünik” klubuna qalib gəldiyimiz gün. O sevinci xalqa bəxş etdik. O sevinc hissləri əvəzsizdir. O gün istərdim ki, bir də yaşansın. O gün olsun Dağlıq Qarabağda bu sevinci yaşayaq.

Xəbər xətti