Nazim Süleymanov: "AFFA Yurçeviçlə Obradoviç kimilərin Həmkarlar İttifaqı yaratmağını dəstəkləyir"

16:51 - 12 Sentyabr 2019

Ötən gün AFFA Azad Həmkarlar İttifaqının sədri seçilən Nazim Süleymanov federasiyanın qurumla bağlı yaydığı bəyanata münasibət bildirib.

 

Sportal.az-a açıqlama verən Azərbaycan futbolunun əfsanəsi qanuna zidd hərəkət etmədiklərini deyib:

 

“Azərbaycan futbolunda çalışan 12 nəfərlə bu təşkilatı yaratdıq. AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəndə bunun gözəl təşəbbüs olduğunu demişdi.

 

Mərhum prezident Heydər Əliyevin qəbul etdiyi Həmkarlar İttifaqı haqqında qanunun 5-ci maddəsində deyilir ki, Həmkarlar İttifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermir.

 

Biz qanunla hərəkət edirik. Bizim ali qurum AFFA hesab edilir. AFFA-nın verdiyi bəyanatdan belə çıxır ki, Nikola Yurçeviç, Milan Obradoviç kimilərin həmkarlar ittifaqı yaratmağını dəstəkləyirlər.

 

Mən ömrümü Azərbaycan futboluna həsr etmiş şəxsəm. İki il Azərbaycanın U-19 millisində məşqçi olmuşam. Azərbaycan futbolundan heç vaxt kənar olmamışam. Bu qədər işlər görmüşük, indi xaricilər gəlib belə qurum yaratmalıdır?”

 

AFFA bu gün yaydığı bəyanatda AFFA Azad Həmkarlar İttifaqının federasiyanın adından istifadə etməsinin qanuna zidd olduğunu yayıb.

Xəbər xətti