Miçel: "Düdelanj"la APOEL-i üstələyə bilərik"

"Qarabağ"ın ispaniyalı futbolçusu Miçel İspaniya mətbuatına açıqlama verib.

 

Sportal.az sevilla.abc.es-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Sevilya"ya qarşı keçirəcəkləri matç barədə danışıb:

 

"Xüsusi oyun olacaq. Belə böyük komanda ilə qarşılaşmaq həmişə xüsusi bir hissdir. Əgər İspaniya klubudursa, mənim üçün daha çox məna kəsb edir. "Sevilya"ya qarşı keçirdiyim ilk oyunu xatırlayıram. Əvvəlcə "Sportinq"lə (Xixon) daha sonra isə "Xetafe"nin heyətində "Roman Sançes Pisxuan"da oynamışam. Püşkatmadan sonra bəzi komanda yoldaşlarıma stadionun necə gözəl olduğunu dedim. "Sevilya"nın stadionu möhtəşəmdir".

 

Miçel Avropa Liqasının favoriti ilə qarşılaşacaqlarını bildirib:

 

"Möhtəşəm komanda ilə üz-üzə gələcəyik. Bir çox yeni futbolçunun gəlməsinə baxmayaraq, "Sevilya"da böyük rəqabət ab-havası var. La Liqada kimsə təsadüfən lider olmaz. Xulen Lopeteqi komandaya oyun fikirlərini aşılayıb. Açığı, "Sevilya" Avropa Liqasının favoritlərindən biridir. Ən güclü onlar deyil? Bizi çətin duel gözləsə də, 90 dəqiqə ərzində konsentrasiya olmağa çalışacağıq".

 

İspaniyalı futbolçu "Qarabağ"ın vəziyyəti barədə danışıb:

 

"Liqada bütün oyunlarda qalib gəlmişik. Klub çox yaxşı qrulub, hər il irəli bir addım atırıq. Bir neçə ildir ki, çempionatın qalibi oluruq. Avropada inkişafa davam etmək istəyirik. İki il öncə Çempionlar Liqasında "Çelsi" ilə oyunları nəzərə almasaq, yaxşı çıxış etdiyimizi düşünürəm. "Atletiko" ilə hər iki oyunda bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. Madridlilərə qarşı oynamaq xüsusi idi. Belə matçlarda gözləntilər böyükdür. "Sevilya"ya qarşı da belə oynamlıyıq. Super şəkildə konsentrasiya olmalıyıq. Mübarizə aparmağın imkansız olduğunu demək olmaz, ancaq cümə axşamı "Sevilya" ilə ilə görüşün necə çətin keçəcəyini bilirik".

 

Miçel qrupdakı şanslar barədə fikirlərini bölüşüb:

 

"Ümid edirəm ki, qrup mərhələsini aşarıq. Çox yaxşı olardı. "Düdelanj"la üç il əvvəl Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşdıq. Səfərdə 2:0 hesabı ilə qalib gəldik və evdə heç-heçə etdik - 1:1. Bundan əlavə, bu yay Çempionlar Liqasında APOEL-lə də üz-üzə gəldik. Səfərdə 2:1 hesabı ilə qalib gəlsək də, evdə uduzduq - 0:2. Hesab edirəm ki, bəli, "Düdelanj"la APOEL-i üstələyə bilərik. Ancaq bunu sübut etmək məcburiyyətindəyik".

 

Təcrübəli futbolçu Bakı şəhəri haqda bunları söyləyib:

 

"Sevilya" mövsümə yaxşı başlayıb. Bakının küləkli olduğu doğrudur, hazırda 20-25 dərəcə istidir. Bakı Avropa həyatı yaşayan şəhərdir. Dillərini bilirəm? Xeyr, xeyr. Ancaq salam və sabahınız xeyir deyə bilirəm. Çox mürəkkəbdir. Buradakı insanlar çox kibardır. Bakıda rahat yaşayış var".

 

Futbolçu oyunlardan bir gün əvvəl toplaşdıqlarını və onlar üçün ayrılmış otaqlarda qaldıqlarını bildirib: "Burda bütün oyunlara bir gün əvvəldən konsentrasiya oluruq. Bir yerə toplaşıb, öz otaqlarımıza çəkilirik. Məsələn, ötən bazar günü "Neftçi"yə qarşı keçirdiyimiz oyundan bir gün əvvəl günorta saat 2-dən diqqətimizi bu matça yönəltdik. Gec-tez buna öyrəşirsən".

Tarix: 17 Sentyabr [11:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio