Erməninin öldürmək istədiyi deyilən türk idmançı: "Rafael, səni dünyaya rəzil edəcəm"

15:09 - 8 Oktyabr 2019

Erməni idmançı Rafael Abrahamyanın MMA döyüşündə türk rəqibi Batuhan Akdumanı boğaraq öldürmək istədiyi barədə xəbərlər ötən gün geniş şəkildə yayıldı.

 

Sportal.az xəbər verir ki, yayılan məlumata görə, Rusiyanın Samara şəhərində keçirilən GFC-18 turnirində Rusiyanı təmsil edən erməni Rafael Abrahamyanla türkiyəli Batuhan Akduman boğma fəndi ilə məğlub etmişdi. Rəqib əl işarəsilə təslim olduğunu bildirsə də, erməni idmançı onun boğazını buraxmayıb.

 

Buna görə idmançı huşunu itirmişdi.

 

Erməninin öldürmək istədiyi deyilən Batuhan "Habertürk"ə açıqlama verib. O bildirib ki, erməni döyüşçü ilə üz-üzə gəldiyi barədə yayılan xəbərlər Ermənistan mətbuatının uydurmasıdır:

 

"Mən Rusiyada Abrahamyanla qarşılaşmamışam. O, Türkmənistan idmançısı ilə döyüşüb. Sosial şəbəkələrdə, mediada paylaşırlar ki, Rafael Akdumanı vəhşicəsinə döyüb. İnanın, Azərbaycanda Mübarizə İbrahimov necədirsə, Abrahamyanı da Ermənistanda o cür xalq qəhrəmanı ediblər. Xəbəri eşidən kimi Rusiyada döyüş federasiyasının rəhbəri Sergey Ermakovla danışdım. Həqiqətən də mənim adımla döyüşən olub. Həmin döyüşçünün məşqçisi ilə əlaqə yaratdım. Fikirləşdim ki, ad-soyad eynidir? Məşqçisindən pasportun şəklini istədim. Səkkiz saat sonra mənə göndərilən pasportda U24TUR kodu yazılmışdı.Bu kodun Türkmənistana aid olduğunu öyrəndim. Mənim adımı, karyeramı istifadə edib türkmənistanlı idmançını Rafaellə döyüşdürüblər.

 

Daha sonra Abrahamyanla əlaqə saxladım. Onun böyük tərbiyəsizlik və adımdan istifadə etdiyini, iki ay ərzində qarşıma çıxmasa, dünyaya rəzil edəcəyimi dedim. Rafael 65 kq-da döyüşür, mənim çəkim 71 kq-dır. Heç vaxt 70 kq-dan aşağı döyüşməmişəm.

 

Üç dünya çempionu, bir gümüş və üç dəfə bürüc mükafatçı olmuşam. Bunu ölkəmdə heç vaxt xəbər kimi media işıqlandırmadı. Ancaq yemədiyim yumruqları həmin an tirajladılar. Bu hərəkətiniz mənə pis təsir etdi. Rafaeli döyüşə dəvət elədim. Kilo fərqi olduğu üçün imtina etdi. Ona çəkimi 67 kq edə biləcəyimi də təklif etdim.

 

Abrahamyana "İstəyirsən, Ermənistanda görüşək", - təklifini etmişəm. O, Rusiyanın Samara şəhərini uyğun saydı və 2 aya döyüşü qəbul edəvəyini dedi. Daha sonra isə Ermənistanda döyüşmək istədiyini bildirdi. Ona dekabrın 15-i qarşımda olmasını tapşırdım. Mən beyin qanaması keçirən rəqibimi maşınımla xəstəxanaya çatdırmış idmançıyam. Bunu hər kəs bilsin ki, Rafaelə ikinci raundu göstərməyəcəm. Döyüşlərinə baxmışam. Güləşi sevir, rəqibi qaldırıb yerə çırpır. Nə yumruğu var, nə də ayaq zərbəsi.

 

Hələ mənə erməniyə uduzduğumu yazıb təhqir edənlər oldu. Anama zəng edib başsağlığı verənlər də olub".

 

Xəbər xətti