Nikola Yurçeviç: “Futbolçuların əziyyəti yerə vuruldu”

22:49 - 13 Oktyabr 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millinin son dəqiqədə sayılmayan təmiz qoluna görə etiraz edib:

 

"Bu gün uşaqlar stadionda əla atmosfer yaratdı. Buna görə onlara təşəkkür edirəm. Danışmaq asan deyil. Rəqibi təbrik edir və uğurlar arzulayıram.

 

Son 30 saniyədə yaşanana çox üzüldük. Hər xal, hər qol bizim kimi kiçik futbol ölkəsi üçün çox önəmlidir. 100 faiz hakim səhv qərar verdi. Telefonuma doğru qol vurduğumuzla bağlı çoxsaylı mesajlar gəldi. Hakim inanılmaz səhv etdi.

 

Ən çox futbolçulara görə üzülürəm. Əziyyətləri yerə vuruldu. Belə əziyyəti ucuzlaşdırmağa söz tapmıram. Fasilədə futbolçulara vəziyyəti dəyişməyin mümkün olduğunu demişdim. Cəsarətli oynamalarını tapşırdım. İkinci hissə Macarıstan üçün çətin alındı.

 

VAR bizə kömək edə bilərdi, amma bundan seçmə mərhələdə istifadə edilmir. Mənim kimi son saniyədə baş verən hadisədə haqlı mövqe tutan macar jurnalistlərə də təşəkkür edirəm.

 

Bu səhv futbolun inkişafı üçün yaxşı deyil. Bu barədə çox fikir bildirsəm, işimdən də ola bilərəm. Çox danışdığım üçün üzr istəyirəm, çox həyəcanlıyam, duyğularıma görə belədir. Bunları dedim ki, içimdəki hirs çıxsın. Dostlarla, ailəmlə müzakirə edəcəm.

 

Baş hakim qərarında haqlı olduğunu və oyundan sonra epizoda təkrar baxanda doğru qərar verdiyinə şahid olacağımızı iddia elədi.

 

52 yaşlı mütəxəssis Bəhlul Mustafazadənin oyunu ilə bağlı danışıb:

 

"Bəhlul bir aydır bizimlədir, ancaq istedadlı olduğunu göstərib. Bəhlul Xorvatiyaya qarşı da yaxşı oynamışdı. Sayılmayan qoluna görə məyusdur. Onunla danışacam. İnanıram ki, bundan müsbət nəticə çıxaracaq".

Xəbər xətti