Dario Frederiko: "Çempionluq uğrunda sona qədər mübarizə aparacağıq" - MÜSAHİBƏ

Premyer Liqanın 14-cü turunda "Sabah"a 2:0 hesabı ilə qalib gələn "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederiko oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu qələbəni şərh edib:
 
- Çətin səfər oyunu idi. Belə olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Qolları vaxtında vurub, vacib qələbə qazandıq. “Qarabağ”la xal fərqini 6-ya endirdik. Nümayiş etdirmək istədik ki, çempionluq uğrunda sona qədər mübarizə aparacağıq.
 
- “Qarabağ”ı keçəcək gücdəsiniz?
- Əlbəttə, “Neftçi” kifayət qədər potensialı olan komandadır. Hər mövqeyində güclü oyunçular var. Komandada güclü rəqabət var və bu da kollektivə kömək edir. Ötən illə müqayisə etsək, “Qarabağ”dan 5 xal irəlidə idik. Qış fasiləsindən sonra “Qarabağ” bu fərqi aradan qaldırıb, çempion oldu. Bu il hər şey ola bilər, sona qədər mübarizə aparacağıq.
 
- Yayda göstərdiyin oyunla komandada lider futbolçu olacağın gözlənilirdi. İndi heç heyətə düşə bilmirsən. Azarkeşlər də səni tənqid edir.
- Deməzdim ki, komandaya xeyrim dəymir. Bəzi oyunlarda istədiyimi edə bilmirəm. Bəzən yaxşı oynamasam da, komandanın qələbəsində rol oynayıram. Əsas komandanın nəticədir. Bunun üçün çalışıram.
 
- Ötən qış gözlənilmədən “Neftçi”dən ayrıldın. Yenə bunu edə bilərsən?
- Futbol dinamik oyundur. Nəinki Azərbaycanda, dünyanın hər nöqtəsində futbolçu maddi cəhətdən yaxşı təklif gələndə bunu dəyərləndirmək istəyir. Keçən il belə oldu və mən də dəyərləndirib, getdim.
 
- Qarşıda “Sumqayıt”la kubok görüşünüz var. Mövsümün bu hissəsində əcnəbi oyunçular tətil əhval-ruhiyyəsində olur. Bu, sizə “Sumqayıt”la oyuna köklənməyə problem yaratmaz?
- Bu elə bir şeydir ki, hər kəs özünə cavabdehdir. Peşəkar klubun üzvləriyik. Sona kimi peşəkar davranıb, matçlara ciddi yanaşmalıyıq. Növbəti mərhələyə yüksəldikdən sonra istirahəti düşünmək olar.
Tarix: 8 Dekabr [21:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Yanvar 2020
22  Yanvar 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio